Ən çox gəlir gətirən 7 videooyun - 1978-ci ildə buraxılan oyun 41 milyard dollar qazandırıb

Ən çox gəlir gətirən 7 videooyun - 1978-ci ildə buraxılan oyun

Videooyun sənayesində indiyədək ən çox gəlir gətirən layihələr açıqlanıb. Siyahıda 41 milyard dollar gəlirlə "Space Invaders" ilk sırada qərarlaşıb. Maraqlıdır ki, ilk yeddilikdəki oyunların bir neçəsi 40 ildən çox əvvəl istifadəyə verilib.

Monetar.az xəbər verir ki, ən çox gəlir gətirən videooyunlar arasında ABŞ, Çin, Yaponiya və Cənubi Koreya şirkətlərinin məhsulları yer alır.

Siyahının ilk pilləsində Yaponiyanın "Taito" şirkətinin 1978-ci ildə təqdim etdiyi "Space Invaders" oyunu qərarlaşıb. İnflyasiya nəzərə alınmaqla, oyunun ümumi gəliri 41 milyard dollar qiymətləndirilir.

İkinci yerdə 1980-ci ildə "Namco" tərəfindən yaradılan "Pac-Man" qərarlaşıb. Oyunun inflyasiyaya uyğunlaşdırılmış gəliri təxminən 33 milyard dollardır.

Üçüncü sırada 2017-ci ildə təqdim edilən "Fortnite" yer alıb. "Epic Games" tərəfindən hazırlanan oyunun indiyədək 25-30 milyard dollar gəlir gətirdiyi təxmin edilir. Layihənin illik gəliri isə təxminən 3-6 milyard dollar arasında dəyişir.

Dördüncü və beşinci yerləri müvafiq olaraq 2005-ci ildə buraxılan "Dungeon Fighter Online" və 1987-ci ildə təqdim edilən "Street Fighter II" bölüşür. Hər iki oyunun yaradıcılarına təxminən 22 milyard dollar qazandırdığı bildirilir.

Altıncı sırada Çinin "Tencent" şirkətinin "Honor of Kings" oyunu qərarlaşıb. 2015-ci ildə Çin bazarında istifadəyə verilən layihənin ümumi gəliri müxtəlif qiymətləndirmələrə görə 13-18,7 milyard dollar təşkil edir.

Yeddinci yerdə isə ABŞ-ın "Rockstar Games" şirkətinin "Grand Theft Auto VI" oyunu göstərilib. Oyun satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edərək əyləncə sənayesində rekord müəyyənləşdirib. Buraxılışdan əvvəl satışların 32,5 milyon nüsxəyə çatdığı qeyd olunur.