Dünya bazarında xam neftin qiyməti 80 dollarlıq psixoloji həddən aşağı düşüb . Bu, son 3 ayın ən aşağı göstəricisidir. Liviyada neft hasilatının bərpası və qlobal təklifin tələbi üstələməsi qiymətlərə təzyiq göstərib.
Monetar.az xəbər verir ki, Liviyada "Sharara" neft boru kəmərinin fəaliyyəti bərpa olunub və Yaxın Şərqdən neft axını artıb.
Liviyanın Milli Neft Korporasiyası bildirib ki, Zaviya şəhərindəki Akakus obyektinin anbarlarına xam neftin doldurulmasına başlanılıb. Bundan əvvəl boru kəmərinin bağlanmasının gündəlik hasilatı təxminən 350 min barel azaldacağı açıqlanmışdı.
Beynəlxalq Enerji Agentliyinin noyabr hesabatına əsasən, İran müharibəsi başlayandan bəri ilk dəfə qlobal neft təklifi tələbi üstələyib. Agentlik dördüncü rübdə də bazarda təklif artıqlığının yaranacağını gözləyir.
ABŞ Prezidenti Donald Tramp danışıqlara əlavə vaxt veriləcəyinə işarə etsə də, razılıq əldə olunmayacağı təqdirdə gələn il hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Yaxın Şərqdəki hərbi gərginlik də neft qiymətlərinin artmasına səbəb olmayıb. Həftəsonu İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib. Yəmənin husiləri isə Səudiyyə Ərəbistanının Rabigh neft emalı zavodunu vurduqlarını iddia ediblər.
Bununla yanaşı, "Kpler"in məlumatına görə, Hörmüz boğazından neft axını noyabrın 19-dək olan 10 gündə gündəlik orta hesabla 9,5 milyon barel təşkil edib. Oktyabrda bu göstərici 12,2 milyon barel olub.