Avropanın yeraltı qaz anbarlarında ehtiyatların doluluq səviyyəsi son 15 ilin ən erkən dövründə 70%-dən aşağı düşüb. TASS-ın “Gas Infrastructure Europe” məlumatları əsasında apardığı hesablamalara görə, noyabrın 17-də anbarların doluluğu 69,95% təşkil edib. Bu, son beş ilin orta göstəricisindən 18,02 faiz bəndi aşağıdır.
Hazırda Aİ anbarlarında 76,6 milyard kubmetr qaz var ki, bu da ötən illə müqayisədə 13,5 milyard kubmetr azdır. İstilik mövsümünün başlanmasından sonrakı üç həftədə anbarlardan rekord həcmdə – 5,6 milyard kubmetr qaz götürülüb. Beləliklə, yayda ehtiyatlara vurulan qazın təxminən 11%-i artıq istifadə olunub.
Avropa Komissiyası ölkələrdən qaz anbarlarının doluluğunu dekabrın 1-dək 90%-ə çatdırmağı tələb edir. Bu il hədəfin 80%-ə endirilməsi mümkün olsa da, Avropa bu göstəriciyə də nail ola bilməyib.
Vəziyyət xüsusilə Almaniyada narahatlıq doğurur. Noyabrın 1-də ölkənin qaz anbarları cəmi 61% dolu olub. Almaniya Qaz Anbarları Operatorları Assosiasiyası (INES) sərt qış şəraitində təchizat problemlərinin yarana biləcəyi barədə xəbərdarlıq edib. Qış 2010-cu ildəki kimi soyuq keçərsə, ölkədə qaz çatışmazlığı ayda 6,6 TVt·saata çata bilər.
Bununla yanaşı, Asiya bazarında LNG-nin spot qiyməti yüksək olaraq qalır. Noyabrda JKM indeksi bir milyon Britaniya istilik vahidi üçün 31 dolları ötüb ki, bu da ötən ilin göstəricisindən 180% çoxdur. Oktyabrda Avropanın TTF qaz habında qiymət bir meqavat-saat üçün 90 avroya yüksəlib.
Yanvarın 1-dən Aİ-də Rusiya LNG-sinin idxalına qadağanın qüvvəyə minməsi də bazardakı təzyiqləri artıra bilər. Avrostatın məlumatına görə, Rusiya bu ilin ilk doqquz ayında 6,7 milyard avroluq tədarüklə Avropa İttifaqının LNG idxalında 17,3% paya sahib olub və ABŞ-dan sonra ikinci yeri tutub.
MONETAR.AZ