2026-cı ilin oktyabrında ABŞ-da yeni avtomobillərin orta satış qiyməti rekord həddə - 51 109 dollara yüksəlib. Markalar üzrə ən yüksək orta qiymət Porsche-də qeydə alınıb. Bu markanın avtomobilləri orta hesabla 125 270 dollara satılıb. Ən aşağı göstərici isə 33 579 dollarla Mitsubishi-də olub.
Monetar.az xəbər verir ki, Kelley Blue Book və Cox Automotive məlumatları əsasında hazırlanan reytinqdə ABŞ bazarında fəaliyyət göstərən 31 avtomobil markasının orta satış qiymətləri müqayisə edilib.
Siyahıda ikinci yerdə 102 826 dollarla Land Rover, üçüncü yerdə isə 90 101 dollarla Cadillac qərarlaşıb. İlk beşliyə həmçinin 78 132 dollarla Lincoln və 73 149 dollarla BMW daxil olub.
Ən yüksək orta satış qiymətinə malik ilk 15 marka belə sıralanıb:
- Porsche - 125 270 dollar
- Land Rover - 102 826 dollar
- Cadillac - 90 101 dollar
- Lincoln - 78 132 dollar
- BMW - 73 149 dollar
- Mercedes-Benz - 71 086 dollar
- Infiniti - 69 865 dollar
- Ram - 69 850 dollar
- GMC - 65 607 dollar
- Audi - 64 403 dollar
- Genesis - 64 316 dollar
- Lexus - 63 899 dollar
- Volvo - 61 588 dollar
- Ford - 61 565 dollar
- Tesla - 54 194 dollar
Reytinqin maraqlı məqamlarından biri Ram və GMC markalarının bir sıra lüks avtomobil istehsalçılarını geridə qoymasıdır. Belə ki, Ram avtomobillərinin orta satış qiyməti 69 850 dollar olmaqla Audi, Genesis, Lexus və Volvo markalarının göstəricilərini üstələyib. GMC isə 65 607 dollarla bu markaların bir neçəsindən daha yüksək nəticə göstərib.
Digər tərəfdən, Toyotanın orta satış qiyməti 44 168 dollar, Honda-nın 38 198 dollar, Hyundai-nin 38 320 dollar, Kia-nın isə 39 260 dollar təşkil edib. Mitsubishi 33 579 dollarla siyahının sonuncu pilləsində qərarlaşıb.
Beləliklə, Porsche avtomobillərinin orta satış qiyməti Mitsubishi ilə müqayisədə təxminən 3,7 dəfə yüksək olub. İki marka arasında fərq 91 691 dollar təşkil edib.