Monetar.az xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, əvvəlki açıqlamasında layihənin noyabrın 22-də başlanacağını bildirsə də, daha sonra tarixi dəqiqləşdirərək rəsmi başlanğıcın noyabrın 23-də olacağını qeyd edib.
TRIPP - “Trump Route for International Peace and Prosperity” (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Təxminən 42 kilometr uzunluğunda olması planlaşdırılan marşrut regionda avtomobil və dəmir yolu əlaqələrinin bərpasını, eləcə də əlavə infrastruktur xətlərinin qurulmasını əhatə edir.
Layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar çərçivəsində gündəmə gəlib. TRIPP-in əsas məqsədlərindən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi yaratmaqla yanaşı, regionun daha geniş beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyasını genişləndirməkdir.
2026-cı il yanvarın 14-də Ermənistan və ABŞ layihənin icra çərçivəsini açıqlayıb. Sənəddə TRIPP-in Ermənistan ərazisində suverenlik və yurisdiksiyaya hörmət əsasında həyata keçirilməsi nəzərdə tutulur. Sənədə görə, layihənin inkişafı üçün ABŞ-ın 74, Ermənistanın isə 26 faiz paya malik olacağı birgə şirkətin yaradılması planlaşdırılır. Şirkətə ilkin olaraq 49 il müddətinə inkişaf hüququ verilməsi nəzərdə tutulur.
TRIPP yalnız avtomobil və dəmir yolu xətlərindən ibarət olmayacaq. Layihənin əhatə dairəsinə enerji ötürücü xətlər, sərhəd və gömrük infrastrukturu, eləcə də rəqəmsal kommunikasiya imkanları da daxildir. Paşinyan bildirib ki, elektrik enerjisinin tranziti layihənin mühüm istiqamətlərindən biri olacaq. Ermənistanın elektrik şəbəkəsinin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə əlaqələndirilməsi planlaşdırılır.
Layihənin reallaşması Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqələrinin genişlənməsi, Türkiyə ilə quru bağlantısının güclənməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əlavə marşrutla tamamlanması baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, layihənin tam reallaşması sərhədin delimitasiya və demarkasiyası, infrastrukturun layihələndirilməsi, maliyyələşdirilməsi və müvafiq texniki işlərin görülməsindən asılı olacaq.