Noyabrın 22-də Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı qeyd olunur. Bu il ölkənin ədliyyə orqanlarının yaradılmasının 108-ci ildönümü tamam olur.
Peşə bayramının tarixi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiqləməsi ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən, həmin gün hər il ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Müasir Azərbaycan ədliyyəsinin əsası isə 1918-ci il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün qoyulub. Sonrakı dövrlərdə bu sahə müxtəlif inkişaf mərhələlərindən keçib. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən təsis edilməsi sistemin fəaliyyətinin canlandırılması və gələcək inkişafı baxımından mühüm addım olub.
Müstəqillik dövründə həyata keçirilən hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir tələblərə uyğunlaşdırılıb, ölkədə üçpilləli məhkəmə sistemi formalaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə islahatlar davam etdirilib. 2006-cı ildə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiqlənməsi və quruma hüquq-mühafizə orqanı statusunun verilməsi, eləcə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun qəbul edilməsi sistemin institusional inkişafında əhəmiyyətli rol oynayıb.
Ədliyyə sahəsində qəbul edilən dövlət proqramları, 2017-ci ildə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzalanan Sərəncam və 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə dair Fərman bu sahənin inkişafında mühüm mərhələlərdən hesab olunur. Həyata keçirilən tədbirlər vətəndaşların hüquqi xidmətlərə çıxışını asanlaşdırıb, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və rəqəmsal həllərin tətbiqinə şərait yaradıb.
44 günlük Vətən müharibəsi zamanı ədliyyə orqanları Azərbaycan Ordusuna dəstək göstərib. Nazirliyin əməkdaşları və hakimlər hərbi əməliyyatlarda iştirak edib, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstəriblər.
Hazırda Ədliyyə Nazirliyi əhaliyə 40-dək elektron xidmət təqdim edir. Rəqəmsal texnologiyaların və mobil tətbiqlərin tətbiqi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə səyyar ədliyyə xidmətləri də təşkil olunur. Vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılan “ƏN TEZ” – Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng platforması müxtəlif xidmətlərə vahid rəqəmsal mənbədən və məsafədən çıxış imkanı yaradır.
Nazirliyin fəaliyyət istiqamətləri kifayət qədər genişdir. Qurum qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının və qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, notariat və məhkəmə ekspertizası fəaliyyətini təmin edir. Eyni zamanda, məhkəmə və digər orqanların qərarlarının icrası, probasiya nəzarəti və qanunla müəyyən edilmiş cinayət işləri üzrə ibtidai istintaq da nazirliyin səlahiyyətlərinə daxildir.
Bundan başqa, nazirlik bələdiyyələrə metodoloji dəstək göstərir, Ədliyyə Akademiyası vasitəsilə hüquqşünasların, ədliyyə və məhkəmə əməkdaşlarının, vəkillərin, bələdiyyə üzvlərinin və qulluqçularının peşə hazırlığının artırılmasını təşkil edir. Beynəlxalq hüquqi əməkdaşlıq və hüquqi yardım sahəsində də müvafiq funksiyaları yerinə yetirir.
Son illərdə penitensiar sistemin müasirləşdirilməsi də islahatların əsas istiqamətlərindən biri olub. Məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması və onların cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur yenilənir. Bu çərçivədə Bakıda yeni istintaq təcridxanası, yetkinlik yaşına çatmayanlar və qadınlar üçün müasir penitensiar müəssisələr tikilərək istifadəyə verilib.
Azərbaycan ədliyyəsi yaradılmasının 107-ci ildönümünü Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü ilə əlamətdar olan ildə qeyd edir. Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, müvafiq infrastrukturun qurulması və həmin qurumların işinin təşkilidir.
Məhkəmə-hüquq sistemində aparılan islahatlar, müasir infrastrukturun yaradılması və informasiya texnologiyalarının tətbiqi Azərbaycanın ədliyyə sisteminin inkişafına töhfə verir. Bu sahədə çalışan əməkdaşların dövlət tərəfindən mütəmadi təltif olunması da ədliyyə xidmətinə göstərilən diqqətin ifadəsidir.
Peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
MONETAR.AZ