Peşəkar mühasib sertifikatı imtahanının 1-ci mərhələsi keçirilir

Peşəkar mühasib sertifikatı imtahanının 1-ci mərhələsi

Dövlət İmtahan Mərkəzi (DİM) bugün, noyabrın 22-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi olan mühasibat uçotu üzrə imtahanı keçirəcək.

İmtahan kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq. İmtahan prosesinə 7 zal administratoru, 43 nəzarətçi və 7 mühafizə əməkdaşı cəlb edilib.

İmtahan saat 16:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlərə ümumilikdə 40 test tapşırığı təqdim olunacaq.

Tapşırıqlardan 20-si qapalı tipli olmaqla hər biri 1 balla, 10-u isə 2 balla qiymətləndiriləcək. Açıq tipli tapşırıqların 8-i 5 bal, 2-si isə 10 bal dəyərində olacaq.

Namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra qapalı tipli testlər üzrə nəticələrini görə biləcəklər.

Yekun nəticələrin açıqlanması isə yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar olaraq imtahandan təxminən 6 həftə sonra nəzərdə tutulur.