Almaniyanın avtomobil istehsalçısı Volkswagen-in Çində elektromobillər istehsal edən birgə müəssisəsi 2027 və 2028-ci illər üçün yeni modellərin buraxılışını planlaşdırmır. Buna səbəb şirkətin ID. UNYX seriyasına gözlənilən tələbatı formalaşdıra bilməməsi və satışların zəif qalmasıdır.
Reuters agentliyinin çərşənbə günü vəziyyətlə tanış olan iki mənbəyə istinadən yaydığı məlumata görə, Volkswagen Anhui müəssisəsinin 2028-ci ildə təqdim etməyi nəzərdən keçirdiyi krossover layihəsi də müvəqqəti dondurulub.
Hazırda zərərlə işləyən müəssisə dörd modeldən ibarət məhsul xətti ilə fəaliyyət göstərir. Lakin 2024-cü ilin iyulunda UNYX brendinin təqdimatı zamanı əsas hədəf auditoriyası kimi seçilən gənc şəhər istehlakçıları arasında avtomobillərə gözlənilən maraq yaranmayıb.
ThinkerCar konsaltinq şirkətinin məlumatlarına əsasən, Volkswagen Anhui bu ilin yanvar-sentyabr aylarında cəmi 11 360 ədəd UNYX avtomobili sata bilib.
Reuters-in əldə etdiyi daxili sənəddə şirkətin cari il üçün 33 min avtomobil istehsalı, gələn il üçün isə 128 min avtomobil satışı hədəfi müəyyənləşdirdiyi göstərilir. Sənəddə 2027-ci il üzrə satış planı “ambisiyalı” kimi xarakterizə olunur.
Müəssisə ID. UNYX 08 krossoverinin istehsalı çərçivəsində Çinin elektromobil istehsalçısı Xpeng ilə əməkdaşlıq edir. Bununla belə, modelin aprel ayında bazara çıxarılmasından sonra satışlar hədəflənən səviyyədən xeyli aşağı qalıb.
Volkswagen-in Anxoy əyalətində yerləşən zavodunun illik istehsal gücü 350 min avtomobildir. Lakin müəssisə hazırda bu imkanlardan əhəmiyyətli dərəcədə aşağı səviyyədə fəaliyyət göstərir.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatlarına görə, Volkswagen bu ilin yanvar-sentyabr aylarında Çində 1,3 milyondan çox avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% azdır. Eyni zamanda, ölkənin ümumi avtomobil bazarı təxminən 22% kiçilib.
Məlumatda Çində avtomobil satışlarının cari il ərzində 20% azalmasının gözlənildiyi bildirilir. Volkswagen də son on ildən artıq müddətdə qeydə aldığı ən böyük rüblük zərərini qismən Çin bazarındakı zəif nəticələrlə əlaqələndirib.
Şirkətin maliyyə direktoru Arno Antlits bildirib ki, səhmlərinin 75%-i Volkswagen-ə məxsus olan və artıq doqquz ildir fəaliyyət göstərən birgə müəssisə hələ də mənfəət əldə etmir. Onun sözlərinə görə, müəssisə 2030-cu ilədək zərərsizlik səviyyəsinə çatmalıdır.
Bununla yanaşı, Volkswagen-in Çin bazarında yeni enerji mənbələri ilə işləyən avtomobillərinin satışında artım müşahidə olunur. Şirkət oktyabr ayında bu kateqoriyadan rekord sayda - 28 min avtomobil satdığını açıqlayıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə dörd dəfədən çox artım deməkdir.
MONETAR.AZ