Bakıda gecə saatlarında bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda gecə saatlarında bir sıra yollarda

Yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə noyabrın 20-də və 22-də gecə saatlarında Bakının bir sıra ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyətlər səbəbindən altı müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, noyabrın 20-də saat 00:00-dan 06:00-dək Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində hərəkət məhdudlaşdırılacaq.

Bu müddətdə avtobuslar aşağıdakı alternativ marşrutlarla hərəkət edəcək:

  • H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi, 8 Noyabr prospekti, Afiyəddin Cəlilov və Puşkin küçələrindən keçəcək;

  • 140 və 150 nömrəli avtobuslar Zığ şosesi, Gəncə prospekti və Qara Qarayev prospekti ilə hərəkət edəcək;

  • 163, 189 və M8 nömrəli avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələrindən istifadə edəcək.

Noyabrın 22-də isə saat 00:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq. Bu səbəbdən daha altı marşrutun hərəkət sxemi dəyişdiriləcək.

  • 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsində Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə hərəkət edəcək;

  • 163, 189 və M8 nömrəli avtobuslar isə Elşən Mehdiyev küçəsi ilə yanaşı, Yavər Əliyev və Asif Əsədullayev küçələrindən keçəcək.

Sərnişinlərə qeyd olunan tarixlərdə gecə saatlarında səfərlərini planlaşdırarkən müvəqqəti dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.