Kaliforniya ştatının Nəqliyyat Vasitələri Departamenti (DMV) təhlükəsizliklə əlaqədar bir neçə insidentdən sonra Waymo şirkətinin pilotsuz avtomobillərinin avtomagistrallarda istismarını və sınaqdan keçirilməsini qadağan edib.
Ötən çərşənbə günü qüvvəyə minən məhdudiyyətlər şirkətin Kaliforniyanın bütün avtomagistrallarında sürücüsüz nəqliyyat vasitələrindən istifadə etməsinə şamil olunur. Departamentin nümayəndəsi Conatan Qrouvmanın sözlərinə görə, qurum Waymo avtomobillərini ictimai təhlükəsizlik üçün “birbaşa təhdid” hesab edib.
Qərara noyabrın 5-də baş verən insidentlər səbəb olub. Həmin gün üç Waymo pilotsuz avtomobili San-Fransiskodan cənubda yerləşən aktiv yol təmiri sahəsinə daxil olub. Növbəti gün isə San-Fransiskodakı şossedə yol polisinin patrul avtomobillərinin iştirakı ilə daha bir hadisə qeydə alınıb.
Noyabrın 6-da baş verən hadisənin videosunda Waymo avtomobilinin təhlükəsiz keçidi təmin etmək üçün yolu bağlayan Kaliforniya Yol Patrul Xidmətinin avtomobillərinin yanından keçməyə cəhd etdiyi görünür. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qrouvman bildirib ki, departament Waymo avtomobillərinin işçilərin, texnikanın və avadanlıqların olduğu aktiv təmir zonalarına daxil olması ilə bağlı təkrarlanan problemlər müəyyən edib. Onun sözlərinə görə, buna bənzər hallar mayın 18-də də yaşanıb.
Alphabet şirkətinin törəmə müəssisəsi olan Waymo ABŞ-ın ən böyük pilotsuz avtomobil parkını idarə edir. Şirkət ötən il San-Fransisko, Los-Anceles və Finiks ərazilərində avtomagistrallarda və ştatlararası yollarda sürücüsüz avtomobillərin istifadəsini genişləndirmişdi.
Waymo nümayəndəsi isə bildirib ki, Kaliforniyanın US 101 şossesində yol təmiri zonaları ilə bağlı son hadisələr nəticəsində nə xəsarət alan olub, nə də qəza baş verib. Şirkət əlavə olaraq, fəaliyyət göstərdiyi bütün regionlarda pilotsuz avtomobillərin avtomagistrallarda hərəkətini müvəqqəti məhdudlaşdırmaq qərarına gəldiyini açıqlayıb.
Bununla belə, Waymo-nun Kaliforniyanın şəhər küçələrində fəaliyyəti davam edir. Qrouvmanın bildirdiyinə görə, avtomagistrallara qoyulan qadağa şirkət aşkar edilmiş təhlükəsizlik problemlərini aradan qaldırmaq üçün effektiv tədbirlər gördüyünü sübut edənədək qüvvədə qalacaq.
MONETAR.AZ