Bu gün Bakıda İtaliya-Azərbaycan Biznes Forumu keçiriləcək 

Bu gün Bakıda İtaliya-Azərbaycan
Bu gün Bakıda İtaliya-Azərbaycan Biznes Forumu təşkil ediləcək. Tədbirdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak edəcəklər.

Monetar.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, forumda iştirak etmək üçün qeydiyyat başlayıb.

Forum plenar iclas, tematik sessiyalar və biznes nümayəndələri arasında B2B formatlı işgüzar görüşlərdən ibarət olacaq.

Tədbirdə enerji, infrastruktur, logistika, tikinti, qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar sahələrində iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə ediləcək.

Süni intellektin real iqtisadiyyatda tətbiqi, o cümlədən məlumat mərkəzləri, yüksək məhsuldarlıqlı hesablama sistemləri və süni intellekt infrastrukturu əsas müzakirə mövzularından olacaq.

Bundan başqa, istehsal, logistika, kənd təsərrüfatı və aqrar-sənaye kompleksi, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq və metallurgiya sahələrində texnologiyaların transferi məsələləri də gündəmdə olacaq.

Enerji istiqamətində isə neft-qaz sektoru və bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.