Dünyada karbon emissiyaları rekord həddə çatıb

Dünyada karbon emissiyaları

2025-ci ildə atmosferdə karbon qazının konsentrasiyası sənayeöncəsi dövrlə müqayisədə 50 faizdən çox artaraq rekord həddə - 427,49 ppm-ə çatıb. İstixana qazı emissiyalarının artması qlobal istiləşməni sürətləndirən əsas amillərdən biri olaraq qalır.

Monetar.az xəbər verir ki, 2024-cü ildə dünyada istixana qazı emissiyalarının ümumi həcmi 53,21 milyard ton karbon qazı ekvivalentinə yüksəlib. Bu, 1990-cı illə müqayisədə 64 faizdən çox artım deməkdir.

İqlim dəyişikliklərinə təsir edən digər amillərdən biri meşə örtüyünün azalmasıdır. 2024-cü ildə dünyada təxminən 29,6 milyon hektar ağac örtüyü itirilib. Bu göstərici 2023-cü ildəki 28,26 milyon hektarla müqayisədə təxminən 5 faiz çoxdur.

Elektrik enerjisi istehsalı emissiyaların əsas mənbəyi olaraq qalır. 2024-cü ildə bu sektorun payına 15,64 milyard ton karbon qazı ekvivalenti düşüb. Bu, qlobal emissiyaların təxminən 30 faizidir. Nəqliyyat sektorunda isə emissiyaların həcmi 8,44 milyard ton təşkil edib.

Bununla yanaşı, bərpaolunan enerji mənbələrinə investisiyalar artır. 2024-cü ildə bu sahəyə qlobal investisiyalar 8 faiz artaraq 727,73 milyard dollara çatıb.

2026-cı ilin aprel ayına olan məlumata görə, dünyada 47 karbon vergisi və 40 emissiya ticarəti sistemi olmaqla, ümumilikdə 87 karbon qiymətləndirmə mexanizmi fəaliyyət göstərib.

Mövcud siyasətlərin davam edəcəyi təqdirdə, 2100-cü ilədək qlobal temperaturun sənayeöncəsi səviyyədən orta hesabla 2,6 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Ölkələrin açıqladığı bütün iqlim öhdəliklərini yerinə yetirməsi halında isə bu artımın 2,2 dərəcə ilə məhdudlaşacağı gözlənilir.