London Metal Birjasında (LME) mis fyuçersləri 0,88% bahalaşaraq bir ton üçün 12 231,98 dollara yüksəlib. COMEX birjasında isə metalın qiyməti 1,18% artaraq 5,5345 dollar təşkil edib.
Bloomberg xəbər verir ki, LME-də ticarətin ilkin mərhələsində misin qiyməti qısa müddətə 12 000 dollar həddindən aşağı düşüb. Ötən həftə metalın dəyəri 9% azalıb ki, bu da cari onilliyin ən böyük üç həftəlik enişindən biridir.
Mis həftənin ilk ticarət gününə 1,5%-dək bahalaşma ilə başlasa da, sonradan 1,7%-ə qədər ucuzlaşıb. Daha sonra qiymət əvvəlki səviyyələrinə yaxın diapazonda ticarət olunub.
Ötən həftəki kəskin satışlara bir neçə amil təsir göstərib. Bunlar süni intellekt (Sİ) sahəsinə yönəldilən xərclərin dayanıqlılığı ilə bağlı narahatlıqlar, Çində zəif tələbat, ABŞ Prezidenti Donald Trampın bu il saflaşdırılmış misə idxal rüsumları tətbiq edəcəyi ilə bağlı qeyri-müəyyənlik və dolların möhkəmlənməsidir. Qeyd edək ki, mis sentyabrda bir ton üçün təxminən 15 000 dollarla tarixi maksimuma yüksəlmişdi.
Shanghai Metals Market-in məlumatına görə, Çinə idxal olunan mis üzrə mükafat (premiya) ötən həftə bir ton üçün 500 dollara çatdıqdan sonra ardıcıl ikinci gündür azalaraq 450 dollar təşkil edib.
Shuohe Asset Management şirkətinin analitiki Qao İn bildirib ki, bazarda qiymətlərin daha da düşəcəyinə oynayan bəzi iştirakçılar qısa mövqelərini bağlamağa hazırlaşır. Digər investorlar isə süni intellekt sektoru ətrafındakı gözləntilərin əsaslı şəkildə dəyişdiyini düşünərək qısa mövqelərini saxlamağa üstünlük verirlər.
MONETAR.AZ