Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar investisiya yönəldib. SOCAR-ın bu ilin may ayında “İtaliya Petroli” şirkətində nəzarət payını əldə etməsi isə Azərbaycanın İtaliya iqtisadiyyatında uzunmüddətli investor kimi iştirakını gücləndirib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–İtaliya biznes-forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, tədbirdə 200-dən çox şirkətin nümayəndəsi iştirak edir. Onun sözlərinə görə, Azərbaycan və İtaliya arasında münasibətlər möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır. İki ölkə arasında strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan makroiqtisadi və siyasi sabitlik, eləcə də qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində əldə etdiyi nəticələr hesabına investorlar üçün əlverişli biznes mühiti yaradır.
Nazirin sözlərinə görə, qeyri-neft-qaz sektorunun inkişafı, istehsalın və ixracın şaxələndirilməsi ölkənin iqtisadi siyasətində əsas prioritetlərdəndir. Məqsəd yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini artırmaqdır.
O bildirib ki, sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün əlverişli infrastruktur, vergi və gömrük güzəştləri, həmçinin digər təşviq mexanizmləri tətbiq olunur.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir.