Əlilliyin qiymətləndirilməsində dəyişiklik: Bu tələb artıq olmayacaq

  Əlilliyin qiymətləndirilməsində dəyişiklik:

Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib. Artıq şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacına dair tibbi göstərişin elektron sistemə daxil edilməsi tələb olunmayacaq.

Monetar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib.

Yeni dəyişikliyə əsasən, əlilliyin qiymətləndirilməsi əvvəlki kimi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılacaq. Göndərişlər elektron qaydada müvafiq reyestrə daxil ediləcək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürüləcək.

Göndəriş qəbul edildikdən sonra şəxsin və göndərişi təsdiqləyən vəzifəli şəxslərin kimliyini müəyyən etməyə imkan verən məlumatlar şifrələnərək adsızlaşdırılacaq. Daha sonra sənədlər qiymətləndirilməsi üçün tibbi-sosial ekspert komissiyalarına göndəriləcək.

Qaydaya görə, TSEK göndərişdəki məlumatlar əsasında 10 iş günündən çox olmayan müddətdə qərar qəbul etməlidir. Əlavə araşdırma tələb olunduqda isə bu müddət 15 iş gününədək uzadıla bilər.

Əvvəlki qaydada əlilliyin qiymətləndirilməsi ilə yanaşı, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacına dair tibbi göstəriş də elektron sistemə daxil edilirdi.

Yeni dəyişikliklə məhz bu tələb ləğv olunub.