ABŞ-da Şükranlıq Günü süfrəsində yer alan əsas ərzaq məhsullarının istehsalı bir neçə ştatda cəmləşib. Ölkədə yetişdirilən zoğalın 61,3 faizi Viskonsin, şirin kartofun 58 faizi Şimali Karolina, balqabağın isə 36,4 faizi İllinoys ştatının payına düşür. Hinduşka istehsalında isə Minnesota liderdir.
Monetar.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Milli Kənd Təsərrüfatı Statistika Xidmətinin 2025-ci il üzrə məlumatları əsasında hazırladığı araşdırmada bildirilir.
Məlumata görə, ABŞ-da hinduşka istehsalının 17,3 faizi Minnesotanın payına düşür. Şimali Karolina 14,5 faizlə ikinci, Arkanzas isə 11,1 faizlə üçüncü yerdə qərarlaşıb. Bu üç ştat birlikdə ölkədəki ümumi hinduşka istehsalının təxminən 43 faizini təmin edir.
Kartof istehsalında Aydaho 33,5 faizlik payla ilk sıradadır. Vaşinqton ştatı 21,8 faizlə ikinci yerdədir. Beləliklə, bu iki ştat ABŞ-da kartof istehsalının yarıdan çoxunu təmin edir.
Şirin kartof istehsalında isə Şimali Karolina böyük üstünlüyə malikdir. Ölkədə bu məhsulun 58 faizi həmin ştatda yetişdirilir. Kaliforniyanın payı 18,4 faiz, Missisipinin payı isə 14,5 faiz təşkil edir. Şimali Karolinanın istehsal həcmi ikinci yerdəki Kaliforniyanın göstəricisindən üç dəfədən çoxdur.
Zoğal istehsalında Viskonsin 61,3 faizlik payla ABŞ-ın əsas təchizatçısıdır. Massaçusets 25,6 faizlə ikinci yerdə qərarlaşıb. Viskonsin yaşıl lobya istehsalında da liderdir. Ölkə üzrə bu məhsulun 42,9 faizi həmin ştatın payına düşür. Floridanın göstəricisi isə 16,6 faizdir.
Balqabaq istehsalında İllinoys 36,4 faizlə ilk sırada yer alır. Kaliforniya 11 faizlə ikinci, İndiana isə 9,2 faizlə üçüncü yerdədir. Bununla belə, statistikaya həm qida sənayesində istifadə edilən, həm təzə satışa çıxarılan, həm də dekorativ məqsədlərlə yetişdirilən balqabaqlar daxildir. Buna görə də istehsalın hamısı Şükranlıq Günü süfrəsində istifadə olunmur.