Taksi sürücüləri üçün növbəti imtahan dekabrın 17-də keçiriləcək

Taksi sürücüləri üçün növbəti imtahan dekabrın 17-də

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və müvafiq şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 17-də növbəti imtahan təşkil edəcək.

İmtahanda iştirak edəcək namizədlərin məlumatları müvafiq qurumlar tərəfindən DİM-ə təqdim olunub. Həmin şəxslər 20 noyabr saat 17:30-dan 7 dekabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər şəxsi kabinetlərinin pul hesabına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdiyi imtahanda iştirak etməyən şəxslərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naçıvan şəhər 4 saylı orta məktəbdə və Gəncə şəhər Vaqif Əliyev adına 12 saylı orta məktəbdə keçiriləcəkdir. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti bir saatdır. Namizədlərə sürücülərin etik davranışı, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Proqram Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib.

Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanda 10 və daha çox bal toplayan namizədlər uğur qazanmış hesab ediləcək və onlara yeddi il müddətində qüvvədə olan şəhadətnamə veriləcək.