Tikinti materiallarının istehsalı 4,5 faiz artıb

Tikinti materiallarının istehsalı

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dəyəri 1 milyard 311,4 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Monetar.az  Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ayrı-ayrı məhsul növləri üzrə fərqli dinamika qeydə alınıb. Əhəng istehsalı 72,5 faiz artaraq 32,6 min tona, asfalt istehsalı 32,1 faiz yüksələrək 167,3 min tona çatıb. Sement istehsalında isə 5,4 faizlik artım qeydə alınıb və göstərici 3 milyon 597,3 min ton təşkil edib.

Beton istehsalı da artım nümayiş etdirib. On ay ərzində 4 milyon 147,7 min ton beton istehsal olunub ki, bu da illik müqayisədə 8,1 faiz çoxdur. Sement klinkerlərinin istehsalı isə 1,1 faiz artaraq 3 milyon 262,5 min tona yüksəlib.

Bununla yanaşı, bəzi tikinti materiallarının istehsalında azalma müşahidə olunub. Tikinti şüşəsi istehsalı 4,2 faiz azalaraq 8 milyon 89,7 min kvadratmetrə, tikinti kərpiclərinin istehsalı isə 14,4 faiz geriləyərək 474,3 min kubmetrə düşüb.

Ən kəskin geriləmə gips məhsulları üzrə qeydə alınıb. Bu məhsulların istehsalı 73,3 faiz azalaraq 34,3 min tona enib. O cümlədən tikinti gipsinin istehsalı 77,7 faiz azalaraq 27,6 min ton təşkil edib. Sementdən və betondan kərpiclər, eləcə də oxşar məmulatların istehsalı da 35,7 faiz azalıb.

Noyabrın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 457,2 min ton sement klinkeri, 263,9 min ton sement, 2 milyon 368,5 min kvadratmetr tikinti şüşəsi və 24,8 min kubmetr tikinti kərpici hazır məhsul ehtiyatı olub.