Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edib - 60 bank SWIFT-dən ayrılacaq

Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edib -

Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiya paketini təqdim edib. Yeni məhdudiyyətlər çərçivəsində 60 Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, 70-dən çox gəminin sanksiya siyahısına salınması və kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlama verib.

Onun sözlərinə görə, yeni paket Rusiyanın maliyyə sektoruna, enerji infrastrukturuna və neft daşımalarına qarşı məhdudiyyətləri əhatə edir. Sanksiyalar çərçivəsində 60 Rusiya bankına qarşı əməliyyat qadağası tətbiq olunacaq və həmin banklar SWIFT sistemindən kənarlaşdırılacaq.

Bundan əlavə, Rusiyanın sanksiyalardan yayınmasına kömək edən üçüncü ölkələrə, kriptovalyuta platformalarına və ödəniş şəbəkələrinə nəzarət gücləndiriləcək.

Enerji sektoruna dair tədbirlər Avropa şirkətlərinin Rusiyanın enerji infrastrukturunun, o cümlədən neft emalı zavodlarının tikintisi, istismarı və təmiri ilə bağlı xidmətlər göstərməsini məhdudlaşdıracaq. İlk dəfə olaraq bu qadağanın elektrik enerjisi xidmətlərinə də şamil edilməsi təklif olunur.

Dəniz daşımaları ilə bağlı isə Rusiyanın "kölgə donanması"na aid 70-dən çox gəminin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur. Həmçinin Rusiyada sığortalanan bütün tanker gəmilərinə qadağa tətbiq edilməsi təklif edilir.

Maliyyəçi Yevgeni Koqanın fikrincə, yeni məhdudiyyətlərin Rusiyanın digər ölkələrlə hesablaşmalarına təsiri məhdud ola bilər. O bildirib ki, SWIFT-dən yan keçən ödəniş sistemləri sürətlə inkişaf edir və bu əməliyyatların böyük hissəsi mərkəzləşdirilməmiş mexanizmlər vasitəsilə həyata keçirilir.