Azərbaycanda ölkə və beynəlxalq səviyyəli gənclər tədbirlərinin təşkili üçün nəzərdə tutulan xərc normaları yenilənib. Yeni qaydalara əsasən, müsabiqə və olimpiada qaliblərinin mükafatlandırılması üçün bir nəfərə maksimum 150 manat, nahar yeməyinə 50 manat, şam yeməyinə isə 70 manat vəsait ayrıla biləcək.
Monetar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərar qəbul edib.
Qərara əsasən, tədbirlər çərçivəsində bir iştirakçı üçün dəftərxana, mətbəə və təsərrüfat xərclərinin yuxarı həddi 25 manat, çay və qəhvə fasiləsi üçün nəzərdə tutulan məbləğ isə 15 manat müəyyən edilib.
Beynəlxalq səviyyəli tədbirlərdə nümayəndə heyətlərinin üzvləri üçün mehmanxana xərcləri 4 ulduzlu, birotaqlı standart kateqoriyaya uyğun hesablanacaq. Nümayəndə heyətlərinin rəhbərləri, nazirlər, onlara bərabər tutulan şəxslər və fəxri qonaqlar üçün isə 5 ulduzlu, birotaqlı yarımlüks kateqoriyalı mehmanxana nəzərdə tutulub.
Xarici nümayəndə heyətləri üçün digər xərclər də müəyyənləşdirilib. Dəftərxana xərclərinin yuxarı həddi rəhbərlər və fəxri qonaqlar üçün 45 manat, heyət üzvləri üçün 25 manat olacaq.
Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələrinin alınmasına isə nümayəndə heyətlərinin rəhbərləri və fəxri qonaqlar üçün maksimum 120 manat, digər üzvlər üçün 40 manat xərclənə biləcək.
Qərara əsasən, dəyişikliklərin maliyyələşdirilməsi Gənclər və İdman Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçiriləcək. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.