İnvestisiya qərarlarını robota həvalə etmək mümkündür

İnvestisiya qərarlarını robota

İnvestisiya strategiyasını avtomatik ticarət alqoritminə çevirmək üçün altı əsas mərhələdən keçmək lazımdır. Bu proses ideyanın formalaşdırılmasından başlayaraq tarixi bazar məlumatları üzərində sınaqdan keçirilməsini və hazır kodun real ticarət sisteminə inteqrasiyasını əhatə edir.

Monetar.az xəbər verir ki, ilk mərhələdə investor strategiyasını aydın şəkildə təsvir etməlidir. Məsələn, müəyyən şərtlər daxilində səhmlərin alınması və qiymət əvvəlcədən müəyyən edilmiş səviyyəyə çatdıqda satılması kimi qaydalar formalaşdırılır.

İkinci mərhələdə bu ideya konkret alqoritmə çevrilir. "Əgər - onda" prinsipi əsasında alış, satış, zərərin məhdudlaşdırılması və əməliyyatdan çıxış şərtləri müəyyən edilir. Bunun üçün proqramlaşdırma tələb etməyən çat və blok əsaslı alətlərdən, yaxud birbaşa kodlaşdırmadan istifadə mümkündür.

Üçüncü mərhələdə alqoritmin işləməsi üçün zəruri məlumat mənbələri seçilir. Buraya tarixi qiymətlər, ticarət həcmləri və texniki indikatorlar daxildir.

Dördüncü mərhələ strategiyanın tarixi bazar məlumatları əsasında sınaqdan keçirilməsidir. Bu proses backtesting adlanır. Sınaq zamanı komissiya xərcləri və qiymət sürüşmələri də nəzərə alınmalıdır. Əldə olunan nəticələr strategiyanın mümkün gəlirliliyini və risklərini qiymətləndirməyə imkan verir.

Beşinci mərhələdə sınaqlar zamanı aşkarlanan çatışmazlıqlar aradan qaldırılır və alqoritm yenidən yoxlanılır. Strategiyanın parametrləri dəyişdirilərək daha fərqli bazar şəraitində necə işlədiyi qiymətləndirilir.

Sonuncu mərhələdə yoxlanılmış kod ticarət əməliyyatlarının icrası üçün müvafiq platformaya inteqrasiya olunur. Beləliklə, alqoritm müəyyən edilmiş qaydalar əsasında avtomatik alış və satış əməliyyatları həyata keçirə bilir.

Tarixi məlumatlar əsasında əldə edilən müsbət nəticələr gələcəkdə də eyni gəlirliliyin təmin olunacağına zəmanət vermir. Strategiyanın effektivliyi bazar şəraitindən asılı olaraq dəyişə bilər.