Nvidia-nın direktorlar şurası şirkətin həmtəsisçisi Censen Huanqın vəzifədən uzaqlaşdırılması barədə qərarını ləğv edərək onu prezident və baş direktor postlarına bərpa edib. Qərardan sonra şirkətin səhmləri 35%-dən çox bahalaşıb.
Şuranın açıqlamasında Huanqın liderlik keyfiyyətlərinin onu Nvidia-ya rəhbərlik etmək üçün ən uyğun şəxs etdiyini bildirilir. Qərarın ABŞ hökumətinin rəsmiləri ilə aparılan müzakirələrdən sonra yekdilliklə qəbul edildiyi vurğulanıb.
Xatırladaq ki, Huanq noyabrın 12-də şəxsi əlaqələri və Nvidia çiplərinin Çinə qanunsuz yönləndirilməsi iddiaları ilə bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən ayrılmışdı. Onun gedişindən sonra şirkətin səhmləri 30%-dən çox ucuzlaşmışdı. Huanq isə davranışına görə üzr istəyərək rəhbərliyə qayıtmağa hazır olduğunu bildirmişdi.
ABŞ Prezidenti Donald Tramp da Huanqın bərpasını dəstəkləyib. O, Nvidia rəhbərinin qanunsuz hərəkətlər etdiyinə və ya milli təhlükəsizliyə təhdid yaratdığına dair hökumətdə sübut olmadığını bildirib.
Huanqın qayıdışından sonra müvəqqəti baş direktor səlahiyyətlərini icra edən maliyyə direktoru Kolett Kress əvvəlki vəzifəsinə qayıdacaq. Direktorlar şurasının sədri Harvi S. Cons isə postunu qoruyacaq.
Bununla yanaşı, Nvidia korporativ nəzarət mexanizmlərini gücləndirmək üçün Milli Təhlükəsizlik və İxrac Nəzarəti Komitəsi yaradacaq və baş komplayens-direktor vəzifəsinə namizəd axtarışına başlayacaq. Huanqın mümkün xarici kəşfiyyat əməliyyatının hədəfi olması ilə bağlı araşdırma da davam etdiriləcək.
Beləliklə, Huanqın rəhbərliyə qayıdışı şirkətdə sabitliyi bərpa etsə də, Nvidia-nın Çinə çip satışı ilə bağlı araşdırmalar və hüquqi risklər hələ gündəmdə qalır. Huanqın dekabrın əvvəlində ABŞ Konqresinin komitələri qarşısında çıxış etməsi gözlənilir.
MONETAR.AZ