Süni intellekt sektorunda kütləvi satışlar ötən həftə qlobal fond bazarlarına təzyiq göstərib. Yeni həftədə investorların diqqəti texnologiya şirkətlərinin hesabatlarına, ABŞ-ın inflyasiya göstəricilərinə və istehlak bazarına yönələcək. Eyni zamanda, Avropa Mərkəzi Bankının (AMB) yeni prezidentinin adının açıqlanması gözlənilir.
1. Süni intellekt səhmlərində eniş davam edəcəkmi?
Süni intellekt infrastrukturuna yatırılan böyük investisiyaların gəlirliliyi ilə bağlı şübhələr, çip ixracına dair məhdudiyyətlər və məlumat emalı mərkəzlərinin inkişafının ləngiməsi ehtimalı texnologiya səhmlərini təzyiq altında saxlayır.
Nəticədə Nasdaq Composite ötən həftə 2020-ci ildə COVID-19 pandemiyasından bəri ən kəskin həftəlik enişini qeydə alıb. S&P 500 də geriləyib, satış dalğası Cənubi Koreya və Tayvan bazarlarına yayılıb. Bazar ertəsi isə Asiya səhmləri itkilərinin bir hissəsini bərpa edib, ABŞ fond fyuçersləri yüksəlib.
2. İri şirkətlərin maliyyə hesabatları açıqlanacaq
Bu həftə Hewlett Packard, Dell Technologies və Analog Devices, eləcə də Best Buy və Deere & Company maliyyə nəticələrini açıqlayacaq.
Xüsusilə Hewlett Packard-ın hesabatı diqqətdə olacaq. Şirkət süni intellekt serverlərinə artan tələbat səbəbindən proqnozlarını yüksəltsə də, yaddaş çiplərinin qlobal qıtlığı ilə bağlı xəbərdarlıq edib.
S&P 500 şirkətləri ikinci rübdür ki, mənfəət artımı nümayiş etdirir. Lakin Sİ sektorundakı qeyri-müəyyənlik bu nəticələrin bazara müsbət təsirini zəiflədir.
3. ABŞ-da inflyasiya göstəricisi açıqlanacaq
Çərşənbə günü açıqlanacaq oktyabr ayı üzrə fərdi istehlak xərcləri qiymət indeksi (PCE) FED-in dekabr qərarı üçün mühüm göstərici olacaq.
Analitiklər aylıq inflyasiyanın əvvəlki ayda qeydə alınan 0,5%-dən 0,3%-ə enəcəyini gözləyirlər. İllik göstəricinin isə FED-in 2%-lik hədəfindən təxminən iki dəfə yüksək qalacağı proqnozlaşdırılır.
Bazar iştirakçıları artıq FED-in gələn ay faiz dərəcəsini ən azı 0,25 faiz bəndi artıracağı ehtimalını əvvəlki kimi tam nəzərə almırlar. ABŞ-ın maliyyə naziri Skott Bessent də həddindən artıq sərt pul-kredit siyasətinin iqtisadiyyat üçün risk yarada biləcəyini bildirib.
4. “Qara cümə” istehlakçı fəallığını göstərəcək
ABŞ-da “Qara cümə” endirimləri qarşıdan gələn bayram alış-verişi mövsümü ərəfəsində istehlakçıların xərcləmə imkanlarını üzə çıxaracaq.
Bloomberg-in proqnozuna görə, fərdi istehlak xərcləri oktyabrda aylıq ifadədə 0,1% artacaq. Bununla belə, ərzaq və benzin qiymətlərinin yüksəlməsi aşağı gəlirli ailələrin alıcılıq qabiliyyətini zəiflədir. Bu isə istehlak artımının nə dərəcədə genişmiqyaslı olduğu barədə suallar yaradır.
5. Avropa Mərkəzi Bankının yeni rəhbəri müəyyənləşə bilər
Avropa İttifaqı liderlərinin cümə axşamı keçiriləcək sammitində AMB-nin yeni prezidentinin adı açıqlana bilər.
KİV-in məlumatına görə, İspaniya Bankının keçmiş rəhbəri Pablo Ernandes de Kos Kristin Laqardın mümkün varisi hesab olunur. Təsdiqlənəcəyi təqdirdə, namizəd Avropa Parlamentində çıxış etməli olacaq. Mövcud qrafik onun fevralın əvvəlində vəzifəyə başlamasına imkan verə bilər.
Yeni rəhbərin qarşısında Fransadakı seçkilərdən sonra mümkün bazar dalğalanmaları və avrozonada inflyasiyanın AMB-nin 2%-lik hədəfindən yüksək qalması kimi məsələlər dayanacaq.
MONETAR.AZ