Dünya bazarında buğda qıtlığı gözlənilir: İstehsal 22 milyon ton azalacaq

Dünya bazarında buğda qıtlığı gözlənilir:

Dünya buğda bazarında azalma proqnozlaşdırılır. 2026/2027-ci məhsul ilində qlobal buğda istehsalının 22 milyon ton azalaraq 822 milyon tona düşəcəyi gözlənilir. Eyni zamanda, beynəlxalq buğda ticarətində də geriləmə proqnozlaşdırılır.

Monetar.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bazar icmalında bildirilib.

Proqnoza əsasən, 2026/2027-ci məhsul ilində dünya üzrə buğdanın ümumi təklifi 1 milyard 104 milyon ton təşkil edəcək. Mövsümün sonunda qlobal buğda ehtiyatlarının isə əvvəlki illə müqayisədə 6 milyon ton və ya 2,1% azalaraq 276 milyon tona enəcəyi gözlənilir.

Ehtiyatların istehlaka nisbətinin 33% olacağı proqnozlaşdırılır.

Buğda bazarında geriləmənin əsas istiqamətlərindən biri Qara dəniz regionu olacaq. Rusiya, Ukrayna və Qazaxıstanın daxil olduğu ölkələr qrupu üzrə buğda istehsalının 2% azalaraq 145,4 milyon tona düşəcəyi gözlənilir.

Həmin ölkələrdən buğda ixracının isə 14,9% azalaraq 65,7 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır.

Əsas buğda ixracatçısı ölkələr üzrə ümumi təklifin də 498 milyon tondan 471 milyon tona enəcəyi gözlənilir. Bu azalma əsasən istehsalın 44 milyon ton geriləyərək 393 milyon tona düşməsi ilə əlaqələndirilir.

İstehsal və ticarətin azalması fonunda buğdanın dünya bazar qiymətində artım qeydə alınıb.

Belə ki, 2026-cı ilin sentyabrında bir ton buğdanın orta qiyməti əvvəlki ayla müqayisədə 7,1% artaraq təxminən 281 dollara çatıb.

Bununla yanaşı, Rusiya buğdasının ixrac qiyməti 4,1% azalaraq ton üçün 210 dollar təşkil edib.