Kanada dolları 19 aylıq minimuma yaxınlaşıb

Kanada dolları 19 aylıq minimuma

Kanada dolları bu gün ABŞ dolları qarşısında 19 aylıq minimuma yaxın səviyyədə ticarət olunub. Neft qiymətlərinin zəifliyi, faiz dərəcələri fərqi və iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənlik Kanada valyutasına təzyiq göstərir.

Bakı vaxtı ilə saat 16:15-də ABŞ dolları 1,4340 Kanada dolları səviyyəsində olub. Bu, Kanada dollarının 69,73 ABŞ sentinə bərabər olması deməkdir. Məzənnə ötən həftə qeydə alınmış 1,43575-lik minimuma yaxın qalıb. Bu, 2025-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

Valyutanın zəifləməsinin əsas səbəblərindən biri ABŞ və Kanada arasında faiz dərəcələri fərqinin genişlənməsidir. FES-in faiz dərəcəsinin Kanada Bankının göstəricisindən yüksək olması ABŞ dolları ilə ifadə olunan aktivləri investorlar üçün daha cəlbedici edir.

Neft qiymətlərinin zəifliyi də Kanada dollarının mövqeyini çətinləşdirir. Enerji ixracından ciddi gəlir əldə edən ölkədə xam neftin ucuzlaşması ixrac gəlirlərini azalda və ticarət balansına mənfi təsir göstərə bilər.

Daxili iqtisadi göstəricilər də birmənalı deyil. Kanadada pərakəndə satışlar sentyabrda 0,8% artsa da, ilkin qiymətləndirməyə görə, oktyabrda 1,5% azalıb. Bu proqnoz istehlak xərclərinin dayanıqlılığı ilə bağlı narahatlıqları artırır.

İnvestorlar yaxın günlərdə ABŞ və Kanada arasındakı ticarət münasibətlərini də izləyəcəklər. Ticarət sazişləri ətrafındakı qeyri-müəyyənlik Kanada iqtisadiyyatının perspektivlərinə və milli valyutanın məzənnəsinə təsir edən amillərdən biri olaraq qalır.

MONETAR.AZ