Dünyanın ən yaxşı pensiya sistemləri

Dünyanın ən yaxşı

2026-cı il üzrə pensiya təhlükəsizliyi reytinqində Norveç 83 balla dünyada birinci olub. İrlandiya 81 balla ikinci, Niderland və İsveçrə isə hərəyə 79 balla müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar. İlk beşliyi 78 balla Danimarka tamamlayıb.

Monetar.az xəbər verir ki,  Natixis-in 2026-cı il Qlobal Pensiya İndeksi əsasında hazırlanan reytinq 40 ölkəni əhatə edir. Ümumilikdə 44 ölkənin qiymətləndirildiyi indeks pensiya təminatını səhiyyə, pensiya dövründə maliyyə vəziyyəti, həyat keyfiyyəti və maddi rifah olmaqla dörd əsas istiqamət üzrə ölçür.

İlk onluqda Avstraliya 77 balla altıncı, Almaniya, Lüksemburq, İslandiya və Çexiya isə 75 balla müvafiq olaraq yeddinci-onuncu yerlərdə qərarlaşıblar.

Reytinqdə ABŞ 68 balla 24-cü yerdədir. Ölkənin mövqeyi son 10 ildə 14-cü pillədən 24-cü pilləyə geriləyib. ABŞ adambaşına səhiyyə xərclərinə görə indeksdəki ölkələr arasında ən yüksək göstəriciyə malik olsa da, səhiyyə alt-indeksi üzrə 25-ci yerdə qərarlaşıb.

Yaponiya da diqqətçəkən nəticə göstərib. Ölkə səhiyyə göstəricilərinə görə yeddinci olsa da, pensiya dövründə maliyyə təminatı üzrə 41-ci yerdədir. Bu fərqin əsas səbəblərindən biri əhalinin sürətlə yaşlanması və pensiya sisteminin üzərinə düşən maliyyə yüküdür.

Ən böyük geriləmə isə Finlandiyada qeydə alınıb. Ötən il 23-cü yerdə olan ölkə 2026-cı ildə 35-ci pilləyə düşüb. Bununla belə, Finlandiya həyat keyfiyyəti üzrə birinci yerdə qalır. Ölkənin ümumi nəticəsinin zəifləməsinə yüksək işsizlik və maddi rifah göstəriciləri təsir edib.

Reytinqin sonuncu pillələrində Meksika 49 balla 38-ci, Rusiya 47 balla 39-cu, Çin isə 45 balla 40-cı yerdə qərarlaşıb. Azərbaycan bu reytinqə daxil edilməyib.