Azərbaycan mobil internetin sürətinə görə dünyada 47-ci yerdədir 

Azərbaycan mobil internetin sürətinə görə

2026-cı ilin sentyabr ayına olan göstəricilərə əsasən, Azərbaycanda mobil internetin median yükləmə sürəti saniyədə 98,9 meqabit təşkil edib. Bu nəticə ilə ölkə 100 dövlət və ərazinin yer aldığı qlobal reytinqdə 47-ci pillədə qərarlaşıb.

Monetar.az-ın Ookla Speedtest Global Index məlumatları əsasında hazırladığı siyahıda Birləşmiş Ərəb Əmirlikləri 681,1 meqabit sürətlə ilk sırada yer alıb. Qətər 526,4 meqabitlə ikinci, Küveyt isə 410,8 meqabitlə üçüncü olub.

Azərbaycanın qonşuları arasında Gürcüstan 147,5 meqabitlə 21-ci, Türkiyə 129,4 meqabitlə 32-ci, Ermənistan isə 75,9 meqabitlə 60-cı yerdə qərarlaşıb. Beləliklə, Azərbaycanın göstəricisi Ermənistanı üstələsə də, Gürcüstan və Türkiyədən geri qalıb.

Reytinqin ilk 10-luğunda Yaxın Şərq ölkələrinin üstünlüyü diqqət çəkir. BƏƏ, Qətər və Küveyt ilk üç yeri tutmaqla yanaşı, Bəhreyn 7-ci, Səudiyyə Ərəbistanı isə 9-cu sırada qərarlaşıb.

İlk onluğa Almaniya (299,8 meqabit), Braziliya (274,4 meqabit), Cənubi Koreya (244,2 meqabit), Vyetnam (230,3 meqabit) və Bolqarıstan (206,5 meqabit) da daxil olub.

ABŞ 190,6 meqabitlə 11-ci, Çin 170,1 meqabitlə 13-cü, Fransa 140,9 meqabitlə 26-cı, Yaponiya isə 67,6 meqabitlə 71-ci yerdədir. Böyük Britaniya 78,6 meqabitlə 58-ci, Kanada 87,3 meqabitlə 54-cü sırada qərarlaşıb.

Reytinqə daxil edilən ölkələr arasında ən aşağı göstərici Liviyada qeydə alınıb. Ölkədə mobil internetin median yükləmə sürəti 19,9 meqabit təşkil edib.