Nvidia şirkəti məlumat mərkəzləri üçün nəzərdə tutulan süni intellekt qrafik prosessorları bazarında təxminən 88 faizlik paya sahibdir. Şirkətin məlumat mərkəzləri üzrə gəliri 2026-cı maliyyə ilində 194 milyard dollara yaxınlaşıb.
Monetar.az xəbər verir ki, 2025-ci ildə qlobal süni intellekt çipləri bazarının dəyəri təxminən 95 milyard dollar təşkil edib.
Süni intellekt texnologiyalarının sürətlə yayılması qrafik prosessorlarına tələbatı artırıb. Əvvəllər əsasən kompüter oyunları üçün istifadə olunan GPU-lar hazırda məlumat mərkəzləri, bulud platformaları və yüksək hesablama gücü tələb edən sistemlərin əsas komponentlərindən birinə çevrilib.
Kompüterlərdə inteqrasiya olunmuş qrafik prosessorları bazarında "Intel" 2025-ci ilin ortalarında tədarükün 61 faizinə sahib olub. Ayrı qrafik kartları bazarında isə "Nvidia"nın payı 82 faizə çatıb.
Süni intellekt çipləri bazarının 2026-cı ildə 78 faizdən çox böyüməsi, 2031-ci ilədək isə hər il 20 faizdən artıq artması gözlənilir. Bu proqnozlar sahədə rəqabətin və hesablama gücünə tələbatın daha da artacağını göstərir.