Amerikalı sahibkar İlon Mask süni intellekt (Sİ) sənayesinin 2027-ci ildə ciddi maliyyə çatışmazlığı ilə üzləşə biləcəyini proqnozlaşdırıb. Onun fikrincə, hesablama güclərinə, avadanlıqlara və infrastrukturun qurulmasına çəkilən nəhəng xərclər şirkətlərin gəlir əldə etmə imkanlarını üstələyir.
Mask bu barədə Sİ tədqiqatçısı Fransua Şollenin X sosial şəbəkəsindəki paylaşımına cavab olaraq yazıb. Şolle GPU-ların spot qiymətlərinin artmaqda davam etdiyini, yüksək ötürücülüklü HBM və DRAM yaddaşlarının istehsal gücünün isə faktiki olaraq 2029-cu ilədək əvvəlcədən sifariş edildiyini qeyd edib.
Mask bildirib ki, bu həcmdə hesablama resurslarını işə salmaq, soyutmaq və fasiləsiz işlək vəziyyətdə saxlamaq son dərəcə çətindir. Sahibkar gələn il süni intellekt sektorunda nağd vəsait çatışmazlığının kritik həddə çata biləcəyini vurğulayıb.
Onun xəbərdarlığı süni intellekt infrastrukturuna qoyulan investisiyalarla bu investisiyalardan gəlir əldə edilməsi arasındakı fərqin böyüməsi ilə bağlıdır. Şirkətlər hesablama güclərinin artırılmasına milyardlarla dollar xərcləsələr də, bu yatırımların nə vaxt və hansı həcmdə mənfəət gətirəcəyi sual olaraq qalır.
Maskın süni intellekt sektorundakı fəaliyyəti də genişlənməkdədir. Fevral ayında onun iki şirkətinin birləşdiyi açıqlanıb: SpaceX süni intellekt çat-botu Grok-un yaradıcısı xAI-ı satın alıb. Mask xAI-ı 2023-cü ildə təsis edib. Bundan əvvəl şirkət hesablama resursları sahəsində digər Sİ nəhəngi Anthropic ilə tərəfdaşlığını elan etmişdi.
Sahibkar daha əvvəl də süni intellektin inkişafı ilə bağlı iddialı proqnozlar səsləndirib. Sentyabrda o, bu texnologiyanın 2027-ci ilin sonuna, ən gec 2028-ci ilə qədər bütün sahələrdə insanları üstələyə biləcəyini bildirmişdi.
Bu arada texnologiya sektorunda «Sİ köpüyü» ilə bağlı müzakirələr də güclənir. Narahatlıqlar əsasən şirkətlərin bazar dəyərinin və süni intellektə yatırılan investisiyaların real gəlirlilikdən daha sürətlə artması ilə əlaqədardır.
The Wall Street Journal avqust ayında süni intellekt layihələrinə yönəldilən böyük kapitalın şirkətləri maliyyə baxımından riskli vəziyyətə yaxınlaşdırdığını yazıb. Bridgewater fondunun təsisçisi Rey Dalio da artan faiz dərəcələri və investorların vəsaitlərini nağdlaşdırmaq ehtiyacı fonunda Sİ köpüyünün partlaya biləcəyi barədə xəbərdarlıq edib.
Financial Times isə ABŞ-da süni intellekt bumunun infrastruktur problemləri ilə üzləşdiyini bildirib. Məlumat mərkəzlərinin tikintisində gecikmələr, borclanma xərclərinin artması və yerli sakinlərin etirazları səbəbindən 47 iri layihənin təxirə salındığı, ləğv edildiyi və ya bloklandığı qeyd olunub.
Noyabrın ortalarında Anthropic şirkətinin təxminən 1,5 trilyon dollar dəyərində qiymətləndirmə ilə Nasdaq birjasında listinqə çıxması barədə məlumatlar da Sİ sektoruna marağı artırıb. Bununla yanaşı, bazarda əsas investorların və tərəfdaşların eyni zamanda texnologiya və infrastruktur təchizatçıları kimi çıxış etməsi investisiya riskləri ilə bağlı suallar doğurur.
MONETAR.AZ