Avropada qaz soyuq hava səbəbindən bahalaşır

Avropada qaz soyuq hava səbəbindən

Avropada təbii qazın topdansatış qiymətləri bu gün enerji bazarındakı ümumi eniş tendensiyasına baxmayaraq bahalaşıb. Qitədə qarşıdakı iki həftə ərzində soyuq havanın davam edəcəyinə dair proqnozlar qaz tələbatının artmasına səbəb olub.

Niderlandın Title Transfer Facility (TTF) qaz habında ən yaxın müddətli baza fyuçerslərinin qiyməti Avropa ticarətinin əvvəlində 1,25% yüksələrək 1 meqavat-saat üçün 90,89 avroya çatıb.

Böyük Britaniyanın National Balancing Point (NBP) üzrə qaz müqavilələri də 1,11% bahalaşaraq bir term üçün 225,75 pensə yüksəlib.

Qaz qiymətlərinin artması enerji bazarının digər seqmentlərindəki mənfi dinamikanın əksinə baş verib. Belə ki, qlobal təklif artıqlığı ilə bağlı gözləntilərin güclənməsi fonunda neft qiymətləri son üç ayın minimum səviyyəsinə enib.

Meteoroloji modellərin soyuq havanın qarşıdakı iki həftədə də davam edəcəyini göstərməsi Avropada isitmə məqsədilə qaz istehlakının artacağı gözləntilərini gücləndirib.

Tələbatın yüksəlməsi fonunda kommunal şirkətlər və hedcinq fondları qaz anbarlarındakı ehtiyatların daha sürətlə azalması riskini qiymətlərdə nəzərə almağa başlayıblar.

MONETAR.AZ