“Azerfloat Processing” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Bu barədə Agentlik AZƏRTAC-a məlumat verib.
İnvestisiya dəyəri 18 milyon manat olan layihə çərçivəsində ildə 1,59 milyon kvadratmetr vərəqə şüşənin emalı nəzərdə tutulur. Müəssisədə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketlərinə (İGU) çevrilməsi həyata keçiriləcək.
Cənubi Qafqazın ən böyük sənaye parkı hesab olunan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək rezidentlər tərəfindən parka 5,6 milyard manatdan çox investisiya yatırılıb və 6 400-dən artıq iş yeri yaradılıb.