Beynəlxalq investisiya bankları 2027-ci il üçün valyuta proqnozlarını açıqlamağa başlayıblar. Goldman Sachs və ING Asiyada gələn il ən yaxşı nəticə göstərə biləcək valyutalar sırasında ilk növbədə Cənubi Koreya vonunu və Tayvan dollarını qeyd edirlər. Bu valyutaların süni intellektə (Sİ) yatırımların davam etməsindən və ABŞ dollarının zəifləməsindən dəstək alacağı gözlənilir.
Bloomberg-in məlumatına görə, Goldman Sachs strateqləri noyabrın 15-də yayımladıqları analitik qeyddə von, Tayvan dolları və Malayziya rinqqitini perspektivli valyutalar kimi fərqləndiriblər. ING isə Cənub-Şərqi Asiyada Sinqapur dollarına, Şimali Asiyada isə von və Tayvan dollarına üstünlük verir.
Morgan Stanley də texnologiya sektorunda investor əhval-ruhiyyəsinin bərpası fonunda Tayvan dollarının möhkəmlənməsi üçün potensial görür. Bankın fikrincə, bu valyuta hazırda nisbətən ucuz qiymətləndirilir. Vonun isə ixracatçıların xarici valyuta gəlirlərinin daha böyük hissəsini dollardan yerli valyutaya çevirməsi nəticəsində dəstək qazanacağı gözlənilir.
Goldman Sachs və ING-nin proqnozlarında ABŞ dollarının zəifləməsi və neft qiymətlərinin aşağı düşməsi də nəzərə alınıb. Analitiklərin fikrincə, Asiya valyutaları üçün əlverişli görünən bu mənzərə texnologiya ilə əlaqəli valyutalardan son dövrdə müşahidə olunan kapital axınının müvəqqəti ola biləcəyinə işarə edir.
Goldman Sachs strateqləri hesab edirlər ki, süni intellekt sahəsinə yönəldilən böyük həcmli investisiyalar Asiyanın texnologiya ixracatçılarını dəstəkləməyə davam edəcək. Sİ avadanlıqları üzrə uzunmüddətli müqavilələr isə gələn il üçün tələbatın əhəmiyyətli hissəsinin artıq təmin olunduğunu göstərir.
Bununla belə, regionun bütün valyutaları üzrə gözləntilər müsbət deyil. Morgan Stanley Tailand batının aşağı faiz dərəcələri, zəif iqtisadi artım və ABŞ dövlət istiqrazlarının yüksək gəlirliliyi səbəbindən təzyiq altında qalacağını proqnozlaşdırır.
Bankın qiymətləndirməsinə görə, İndoneziya rupisi və Filippin pesosu da hökumət siyasətindəki qeyri-müəyyənlik və iqtisadi artımın ləngiməsi səbəbindən regionun digər valyutalarından geri qala bilər. İndoneziya rupisi noyabrın 16-da tarixi minimumunu yeniləyib.
MONETAR.AZ