Körfəz ölkələrindən Azərbaycana səfərlər kəskin azalıb

Körfəz ölkələrindən Azərbaycana

 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 80,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, gələnlərin ölkələr üzrə bölgüsündə Rusiya 26,6%-lik payla ilk sırada qərarlaşıb. Türkiyənin payı 19,4%, İranın 7,6%, Gürcüstanın 4,9%, Qazaxıstanın 4,6%, İsrailin 3,8%, Pakistanın isə 3,5% təşkil edib.

Digər ölkələr arasında Özbəkistanın payı 3%, Çinin 2,9%, Hindistanın 2,7%, Səudiyyə Ərəbistanının 2,2%, Ukraynanın 1,6%, Türkmənistanın 1,3% olub. Almaniya və Böyük Britaniyanın hər birinin payı 1,2%, Belarusun payı isə 1% təşkil edib.

Ölkəmizə gələnlərin sayında ən ciddi azalma Körfəz ölkələri üzrə qeydə alınıb. Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında bu ölkələrdən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,5% azalaraq 241,6 min nəfərə düşüb.

Bunun əksinə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,9% artaraq 111,5 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 5,5% artaraq 781,4 min nəfərə çatıb. Digər ölkələrdən gələnlərin sayı 3,1% azalaraq 946,3 min nəfər olub.

Statistikaya əsasən, Azərbaycana səfər edənlərin 66,8%-i kişilər, 33,2%-i qadınlar olub. Gələnlərin 73,6%-i hava, 25,1%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.