2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-qida məhsulları arasında ən yüksək qiymət artımı zərgərlik məmulatlarında qeydə alınıb. Bu məhsulların qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% yüksəlib.
Monetar.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, oktyabr ayında isə zərgərlik məmulatları sentyabrla müqayisədə 2,1% ucuzlaşıb. Bununla belə, illik müqayisədə qiymətlər 6,1% artıb.
Məlumatlara görə, yanvar-oktyabr aylarında oyuncaqların qiyməti 6,4%, parçaların qiyməti 6,1%, xalça və digər döşəmə örtüklərinin qiyməti 5,5%, şüşə məmulatları və yemək qablarının qiyməti isə 5,8% artıb.
Eyni dövrdə mebel və ev əşyaları 4%, evə qulluq məhsulları 4,2%, inşaat materialları 3,2%, geyim 2,2% bahalaşıb. Yanacaq məhsullarının qiymət artımı 5,2% təşkil edib.
Bəzi məhsul qruplarında isə ucuzlaşma müşahidə olunub. Belə ki, yanvar-oktyabr aylarında minik avtomobilləri 1,8%, məlumatın işlənməsi üçün avadanlıqlar isə 0,2% ucuzlaşıb. Dərmanların qiymətində 0,1% artım qeydə alınıb.
Oktyabr ayında aylıq müqayisədə ən nəzərəçarpan ucuzlaşma zərgərlik məmulatlarında (2,1%), evə qulluq məhsullarında (0,8%) və məlumatın işlənməsi üçün avadanlıqlarda (0,3%) qeydə alınıb.
