Azərbaycanda hər 100 muzdlu işçidən 56-sı Bakıda çalışır

Azərbaycanda hər 100 muzdlu işçidən

Azərbaycanda muzdlu işçilərin yarıdan çoxu Bakı şəhərində çalışır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə əmək müqaviləsi ilə işləyənlərin 56,1%-i paytaxtın payına düşüb.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda muzdlu işçilərin ümumi sayı 1 milyon 790 min 847 nəfər təşkil edib. Onlardan 1 milyon 4 min 579 nəfəri Bakıda fəaliyyət göstərib.

Ötən ilin eyni dövrü ilə müqayisədə paytaxtda muzdlu işçilərin sayı 18 min 236 nəfər və ya 1,8% artıb.

Beləliklə, ölkə üzrə hər 100 rəsmi işçidən təxminən 56-sı Bakıda çalışır. Bu göstərici əmək bazarında paytaxtın regionlarla müqayisədə nə qədər böyük üstünlüyə malik olduğunu göstərir.

Muzdlu məşğulluğun bu qədər böyük hissəsinin Bakıda cəmləşməsi ölkədə iqtisadi fəaliyyətin ərazi üzrə qeyri-bərabər bölüşdüyünü də ortaya qoyur. Regionlarda yeni iş yerlərinin yaradılması və özəl sektorun genişlənməsi əmək bazarındakı bu fərqin azaldılması baxımından əsas məsələlərdən biri olaraq qalır.