İsveçin moda pərakəndə satış şirkəti H&M Group 2025-ci maliyyə ilində təxminən 228 milyard İsveç kronu (təxminən 22 milyard 200 milyon dollar) gəlir əldə edib. Şirkət həmin ilin sonunda dünya üzrə təxminən 4 100 mağazaya sahib olub.
Monetar.az xəbər verir ki, 1947-ci ildə Stokholmda yaradılan şirkət hazırda H&M, COS, Arket, & Other Stories, Weekday və H&M Home kimi brendləri birləşdirir.
Şirkətin gəlirlərində Avropa və Afrika əsas paya malikdir. Bu regionlar üzrə satışlar ümumi gəlirin təxminən üçdə ikisini təşkil edir.
Dünya üzrə geyim və aksesuar şirkətləri arasında H&M 2025-ci ildə dördüncü yerdə qərarlaşıb. İlk üçlükdə "TJX Companies", "Inditex" və "Fast Retailing" yer alıb.
2025-ci ildə şirkətin əməliyyat mənfəəti 18 milyard İsveç kronunu ötüb. Bununla belə, "Shein" kimi ultra-sürətli moda platformalarının rəqabəti H&M üçün əsas çağırışlardan biri olaraq qalır.