Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştlərinin tətbiqini nəzərdə tutur. Layihəyə əsasən, müəyyən tələblərə cavab verən kiçik sahibkarlar beş il ərzində hesablanmış gəlir və ya mənfəət vergisinin 25%-i həcmində güzəştdən yararlana biləcəklər.
Monetar.az xəbər verir ki, güzəştdən istifadə etmək üçün sahibkarın ən azı iki il kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi və dövlət büdcəsi qarşısında vergi borcunun olmaması tələb edilir.
Bundan əlavə, müəssisənin illik dövriyyəsi əvvəlki illə müqayisədə 30%-dən çox azalmamalıdır. Sahibkarın güzəştdən yararlanması üçün müvafiq vergi ilində əmək münasibətləri ilə bağlı qanunvericiliyin pozulmasına da yol verilməməlidir.
Təklif olunan mexanizmin büdcə və sahibkar üçün maliyyə nəticəsini layihədəki nümunə də göstərir.
Belə ki, bir müəssisənin dövriyyəsi 2026-cı ildə 500 min manat, 2027-ci ildə isə 700 min manat olub. 2027-ci ildə müəssisənin xərcləri 300 min manat təşkil etdikdə, vergiyə cəlb olunan mənfəət 400 min manat olur.
20%-lik mənfəət vergisi dərəcəsi əsasında hesablanan vergi 80 min manat təşkil edir. Müəssisə güzəştin bütün şərtlərinə cavab verdiyi halda, bu məbləğin 25%-i, yəni 20 min manat güzəşt kimi tətbiq ediləcək. Nəticədə müəssisənin büdcəyə ödəyəcəyi mənfəət vergisi 60 min manata enəcək.
Beləliklə, təklif qəbul edilərsə, müvafiq şərtlərə cavab verən kiçik sahibkarlar beş il ərzində mənfəət və ya gəlir vergisi üzrə hesablanmış məbləğin dörddə biri qədər vergi güzəşti əldə edə biləcəklər.
Təklifin əsas məqsədi kiçik biznesin maliyyə yükünü azaltmaq, sahibkarların fəaliyyətini stimullaşdırmaq və rəsmi məşğulluğun qorunmasını təşviq etməkdir.