Azərbaycanlılar daha çox hara gedir? Bir ölkəyə səfərlər yarıbayarı azalıb

Azərbaycanlılar daha çox hara gedir?

2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 740,4 min nəfər təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azdır.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının xarici səfərlərində Türkiyə əsas istiqamət olaraq qalır. Hesabat dövründə xaricə gedən vətəndaşlarımızın 43,7%-i bu ölkəyə səfər edib. Türkiyəyə gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artıb.

İkinci yerdə Rusiya qərarlaşıb. Xaricə gedən Azərbaycan vətəndaşlarının 14,6%-i Rusiyaya səfər edib. Lakin bu ölkəyə gedənlərin sayı illik müqayisədə 1,9% azalıb.

Gürcüstan istiqamətində isə əks dinamika qeydə alınıb. Belə ki, bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 19,2% artaraq ümumi xarici səfərlərin 13,2%-ni təşkil edib.

İran istiqamətində səfərlərin sayı isə kəskin azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı 47,9% geriləyib. Nəticədə İranın ümumi səfərlərdəki payı 4,9% təşkil edib.

Digər ölkələrə səfər edənlərin payı 23,6% olub. Bu istiqamətdə səfərlərin sayı da illik müqayisədə 1,1% azalıb.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 64,3%-ni kişilər, 35,7%-ni qadınlar təşkil edib. Səfərlərin 69,9%-i hava, 28,1%-i dəmir yolu və avtomobil, 2%-i isə dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.