2026-cı ilin oktyabr ayında Ümumdünya Polad Assosiasiyasına məlumat təqdim edən 70 ölkədə emal olunmamış polad istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 1,1% azalaraq 142,4 milyon ton təşkil edib.
Dünyanın ən böyük polad istehsalçısı olan Çində oktyabrda 70,8 milyon ton polad istehsal olunub. Bu, illik müqayisədə 1,6% azalma deməkdir. Yanvar-oktyabr aylarında isə ölkədə istehsal 2,8% geriləyərək 795,6 milyon tona düşüb.
Digər iri istehsalçılar arasında Hindistanda polad istehsalı 3,6% artaraq 14,5 milyon tona, ABŞ-da 8,4% yüksələrək 7,5 milyon tona çatıb. Yaponiyada isə istehsal 2,3% azalaraq 6,7 milyon ton olub.
Oktyabrda ən yüksək artım Vyetnamda qeydə alınıb. Ölkədə polad istehsalı 28,5% artaraq 2,7 milyon tona yüksəlib. Almaniyada isə 9,6% azalma ilə istehsal 2,8 milyon tona enib.
Regional göstəricilərə əsasən, Asiya və Okeaniya ölkələrində polad istehsalı 102,7 milyon ton təşkil edib və ötən ilin eyni ayının səviyyəsində qalıb. Şimali Amerikada istehsal 5,6% artaraq 9,7 milyon tona, Afrikada isə 7,9% yüksələrək 2,1 milyon tona çatıb.
Ən kəskin regional geriləmə Yaxın Şərqdə müşahidə olunub. Burada istehsal 27,7% azalaraq 3,9 milyon tona düşüb. Avropa İttifaqında isə 4% azalma qeydə alınıb və istehsal 10,5 milyon ton təşkil edib.
Ümumilikdə, 2026-cı ilin yanvar-oktyabr aylarında hesabat təqdim edən 70 ölkədə polad istehsalı illik müqayisədə 0,8% azalaraq 1 milyard 509,3 milyon ton olub.
Ümumdünya Polad Assosiasiyası dünyanın aparıcı polad istehsalçılarını, sahə assosiasiyalarını və tədqiqat institutlarını birləşdirir. Təşkilatın üzvlərinin payına qlobal polad istehsalının təxminən 85%-i düşür.
MONETAR.AZ