Son 176 ildə dünyada olan valyutaların 70 faizi dövriyyədən çıxıb

Son 176 ildə dünyada olan valyutaların 70 faizi

1850–2026-cı illər ərzində dünyada mövcud olmuş 568 dövlət valyutasından 405-i, başqa sözlə, təxminən 70 faizi artıq dövriyyədən çıxıb. Bu nəticə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) iqtisadçıları İnyaki Aldasoro, Con Frost, Rudrakş Kansal və Oksford Universitetinin tədqiqatçısı Ketrin Şenkin apardığı genişmiqyaslı araşdırmada əksini tapıb.

Tədqiqata əsasən, dünyada mövcud valyutaların sayı 1850-ci ildə təxminən 67 olduğu halda, SSRİ-nin süqutundan sonrakı dövrdə artaraq 1994-cü ildə rekord həddə – 192-yə çatıb. 2026-cı ildə isə bu göstərici 163-ə qədər azalıb. Azalmanın başlıca səbəbləri sırasında 23 milli valyutanı əvəz edən avronun dövriyyəyə buraxılması, digər valyuta ittifaqlarının yaranması və dollarlaşma prosesləri göstərilir.

Araşdırma valyutaların dövriyyədə qalma müddətinin də əhəmiyyətli dərəcədə fərqləndiyini ortaya qoyur. Belə ki, valyutanın median ömrü 33 il, orta ömrü isə təxminən 52 il təşkil edir. Mövcud valyutaların 23 faizi 10 ildən az müddətdə dövriyyədə qalıb, 12 faizi isə bir əsrdən artıq fəaliyyət göstərib. Tədqiqatçılar ən yüksək riskin valyutanın ilk onilliyində yarandığını qeyd edirlər. Bu mərhələni geridə qoyan pul vahidlərinin fəaliyyətini davam etdirmə ehtimalı artır.

Regionlar üzrə göstəricilər də fərqlidir. Ən uzunömürlü valyutalar Şimali Amerikada qeydə alınıb – median göstərici 57 ildir. Okeaniyada bu rəqəm 51 il, Avropada 29,5 il, Asiyada 31 il, Afrikada isə 28 il təşkil edir.

Hazırda dövriyyədə olan ən qədim valyuta 1792-ci ildən istifadə edilən ABŞ dollarıdır. Onun yaşı 234 ilə bərabərdir. Siyahıda növbəti yerləri 192 illik tarixə malik Misir funtu və 189 illik Kolumbiya pesosu tutur. Asiyanın hazırda istifadə edilən ən qədim valyutası isə 1871-ci ildə dövriyyəyə buraxılmış yapon yenidir.

Tədqiqatçılar 1971-ci ildə həyata keçirilən onluq sistemə keçidi nəzərə alaraq funt sterlinqi hazırda fəaliyyət göstərən valyutalar siyahısına daxil etməyiblər. Bununla belə, köhnə funt təxminən 1 171 il dövriyyədə qalaraq artıq mövcud olmayan valyutalar arasında ən uzunömürlü nümunə hesab olunur.

Araşdırmada valyutaların yaranma və dövriyyədən çıxma səbəbləri də təhlil edilib. Yeni valyutaların meydana gəlməsində müstəqilliyin əldə olunması 27,5 faiz, ad dəyişikliyi və ya denominasiya isə 22,5 faiz paya malikdir. Valyutaların dövriyyədən çıxması hallarının 35,3 faizi denominasiya və ya ad dəyişikliyi, 19,5 faizi inflyasiya, 14,1 faizi isə müharibələr və dövlətlərin süqutu ilə əlaqələndirilir.

Ən çox valyuta dəyişikliyi həyata keçirən ölkələr sırasında Braziliya, Çin, İndoneziya, Argentina və Rusiya yer alır.

Tədqiqat müəlliflərinin qənaətinə görə, dünyada valyutaların sayının 1994-cü ildəki rekord səviyyəyə yaxın gələcəkdə yenidən çatması gözlənilmir. Avrozonanın genişlənməsi, yeni suveren dövlətlərin yaranmasının nadir hala çevrilməsi və dollarlaşma prosesinin davamlı xarakter alması qlobal miqyasda valyutaların sayının azalması tendensiyasını gücləndirə bilər.

MONETAR.AZ