"Alphabet" şirkətinə məxsus avtonom nəqliyyat vasitələri operatoru Waymo ABŞ-da təxminən 4 500 pilotsuz avtomobilini geri çağırdığını açıqlayıb. Qərara robotaksilərin avtomagistrallarda yol işləri səbəbindən bağlanmış zolaqlara çıxması ilə bağlı 11 insident səbəb olub.
Şirkətin məlumatına görə, hadisələr oktyabrın 1-dən etibarən qeydə alınıb. Onlardan üçü noyabrın 9-da baş verib. Waymo bu insidentlərlə bağlı ABŞ-ın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA) məlumat verib.
Noyabrın 9-da üç robotaksi yol işləri ilə əlaqədar konuslarla bağlanmış avtomagistral zolaqlarına daxil olub. Bu hadisələr şirkətin avtomobillərin bağlı zolaqlara çıxması riskini azaltmaq məqsədilə istismar zonasını yeniləməsindən cəmi üç gün sonra baş verib.
Waymo bildirib ki, insidentlərin heç biri toqquşma və ya xəsarətlə nəticələnməyib. Hazırda geri çağırılmaya səbəb olan problemin aradan qaldırılması üçün tədbirlər hazırlanır.
Qeyd edək ki, Kaliforniyanın tənzimləyici orqanları şirkətin avtomobillərinin ştatın avtomagistrallarında istifadəsini qadağan etdikdən sonra Waymo ABŞ magistrallarında robotaksilərin istismarını dayandırıb. Kaliforniya Avtonəqliyyat Vasitələri Departamentinin (DMV) bu ay qüvvəyə minən qərarı robotaksilərin aktiv yol işləri aparılan ərazilərə daxil olması ilə bağlı çoxsaylı hadisələrdən sonra qəbul edilib.
Bu, Waymo-nun cari ildə ikinci böyük geri çağırılmasıdır. Şirkət iyun ayında da təxminən 3 900 robotaksini geri çağırmışdı. Həmin avtomobillər çıxışların bağlanmasını bildirən nişanlara məhəl qoymadan əvvəlcədən planlaşdırılmış yol işləri zonalarına daxil olur, yaxud konuslar arasından keçərək aktiv təmir aparılan zolaqlara çıxırdı.
MONETAR.AZ