Asiya valyutalarının əksəriyyəti dollar qarşısında ucuzlaşıb

Asiya valyutalarının əksəriyyəti dollar qarşısında

Asiya valyutalarının əksəriyyəti çərşənbə günü ABŞ dolları qarşısında zəifləyib. Avstraliya dolları isə 2025-ci il dekabrın 18-dən bəri ən aşağı səviyyəyə düşüb. ABŞ-ın ticarət tarifləri və inflyasiya ilə bağlı narahatlıqlar investorları mühüm iqtisadi göstəricilərin açıqlanması ərəfəsində ehtiyatlı davranmağa vadar edib.

Dollar indeksi 0,2% artaraq 103,99 bəndə yüksəlib. ABŞ valyutası noyabr ayı üzrə təxminən 2% bahalaşmağa doğru irəliləyir. Buna FED-in faiz dərəcələrini artıracağı gözləntiləri və inflyasiyanın yüksək səviyyədə qalması təsir göstərir.

İnvestorlar oktyabr ayı üzrə fərdi istehlak xərcləri qiymətləri indeksinin (PCE) və üçüncü rüb üzrə ABŞ ÜDM-in yenilənmiş göstəricilərinin açıqlanmasını gözləyirlər. İqtisadçılar aylıq PCE artımının 0,3%, iqtisadi artımın isə illik ifadədə 3,5% olacağını proqnozlaşdırırlar. Fyuçers bazarında dekabrda FED-in faiz artımı ehtimalı 96%, yanvarda əlavə artım ehtimalı isə 64% qiymətləndirilir.

Ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik də bazarlara təzyiq göstərir. Tramp administrasiyasının 16 əsas ticarət tərəfdaşında mümkün izafi sənaye istehsal gücləri ilə bağlı araşdırması bəzi ölkələrə əlavə idxal tariflərinin tətbiqinə yol aça bilər.

Yen 0,1% ucuzlaşaraq bir dollar üçün 159,46 səviyyəsinə enib. Bu, Yaponiyada korporativ xidmətlər üzrə qiymət indeksinin oktyabrda illik 4,2% artaraq 1990-cı ildən bəri ən yüksək göstəriciyə çatmasına baxmayaraq baş verib. Daxili yuan 0,12%, Tayvan dolları 0,1%, Sinqapur dolları 0,2%, Malayziya rinqqiti isə 0,1% zəifləyib. İndoneziya rupisi 0,5%, Tayland batı 0,4% ucuzlaşıb.

Hindistan rupisi 0,4% möhkəmlənərək bir dollar üçün 92,536 səviyyəsinə çatıb. Cənubi Koreya vonu da 0,1% bahalaşıb. İyun ayında 17 ilin minimumuna enən von həmin vaxtdan bəri təxminən 16% dəyər qazanıb. Yarımkeçirici ixracatçılarının dollar vəsaitlərini vona çevirməsi, eləcə də “Samsung Electronics” və “SK Hynix” şirkətlərinin dividend və bonus ödənişlərinə hazırlaşması valyutanı dəstəkləyən amillər sırasındadır.

“Bloomberg”in istinad etdiyi “Macro Hive” və “Korea Investment & Securities” məlumatlarına görə, von 2027-ci ilin birinci yarısının sonunadək bir dollar üçün 1 200 səviyyəsinə yaxınlaşa bilər. “Goldman Sachs” isə gələn il 1 280 səviyyəsini proqnozlaşdırır.

Avstraliya dolları 0,7% ucuzlaşaraq 0,6594 dollara enib. Ölkədə oktyabr inflyasiyası illik 4,9%-ə yüksələrək 4,8%-lik proqnozu üstələyib. Baza inflyasiyası da 3,6%-dən 3,8%-ə qalxıb. Yüksək inflyasiya əvvəlcə faiz artımı gözləntilərini gücləndirsə də, sonradan riskdən yayınma meyilləri və sərt pul-kredit şərtləri ilə bağlı narahatlıqlar Avstraliya dollarına təzyiq göstərib.

“DBS” bankının strateqi Samuel Tse bildirib ki, süni intellekt sektorunda artım tempinin zəifləməsi ilə bağlı narahatlıqlar və tariflərin inflyasiyanı sürətləndirməsi riski ABŞ xəzinədarlıq istiqrazlarının gəlirlilik əyrisinin yastılaşmasına səbəb ola bilər.

MONETAR.AZ