İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10 milyard dolları keçib.

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin ümumi həcmi 8,5 milyard İsveçrə frankına (təxminən 10,2 milyard dollar) çatıb. Bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) sanksiyalar bölməsinin rəhbəri Daniel Ebi bildirib. Onun açıqlamasını “Bloomberg” yayıb.

Bu göstərici 2025-ci ilin aprelində qeydə alınmış 7,4 milyard frankla müqayisədə 15% çoxdur. Artım yeni aktivlərin aşkarlanaraq dondurulması, eləcə də qızıla yatırılmış vəsaitlərin bir hissəsinin bahalaşması ilə əlaqələndirilir.

Bununla yanaşı, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin həcmi son il yarımda 9% azalaraq 6,8 milyard frank təşkil edib. Daniel Ebinin sözlərinə görə, azalma aktivlərin blokdan çıxarılması ilə deyil, onların saxlanıldığı valyutaların məzənnə dəyişiklikləri ilə bağlıdır.

Qeyd edək ki, avqust ayında İsveçrə Avropa İttifaqının 20-ci sanksiyalar paketinə qoşulub. Nəticədə aktivlərin dondurulması təxminən 2 790 fiziki və hüquqi şəxsə şamil edilib.

SECO-dan bildirilib ki, sanksiyalardan yayınma ilə bağlı şübhəli halların sayı da artıb. Belə ki, quruma daxil olan müvafiq bildirişlərin sayı il yarım əvvəlki 600-dən 870-i ötüb.

MONETAR.AZ