Avropa İttifaqı (Aİ) 2028–2034-cü illər üçün nəzərdə tutulan büdcənin maliyyələşdirilməsi məqsədilə iri rəqəmsal şirkətlərə yeni vergi tətbiq etməyi planlaşdırır. Təklifə əsasən, müvafiq şirkətlər onlayn reklam, rəqəmsal vasitəçilik xidmətləri və istifadəçi məlumatlarından əldə etdikləri xalis dövriyyənin 3%-i həcmində illik ödəniş edəcəklər.
Avropa Şurasının Prezidenti Antoniu Koşta ötən həftə Aİ-nin növbəti büdcəsi ilə bağlı yenilənmiş xərclər planını təqdim edib. Yeni təklif Avropa Komissiyasının ilkin büdcə layihəsindən 204 milyard avro azdır. Koşta hesab edir ki, bu dəyişiklik üzv dövlətlər arasında razılaşma əldə olunmasını asanlaşdıra bilər.
Aİ ölkələri növbəti yeddiillik büdcənin həcmi ilə bağlı fərqli mövqelər sərgiləyirlər. Avropa Komissiyasının 2028–2034-cü illər üçün iki trilyon avroluq büdcə təklifindən sonra Almaniya xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını tələb edib. Berlin ötən ay açıqlanan və büdcənin 140 milyard avro azaldılmasını nəzərdə tutan yenilənmiş layihəyə də etiraz edib.
Aİ-nin 27 üzv ölkəsini təmsil edən Koşta ilin sonunadək üzvlük haqları ilə yeni gəlir mənbələri arasında balans yaradan razılaşmaya nail olmağa çalışır.
Rəqəmsal vergi illik Avropa rəqəmsal dövriyyəsi ən azı 50 milyon avro, qlobal dövriyyəsi isə 750 milyon avrodan çox olan şirkətlərə şamil ediləcək. Bundan əlavə, təklifə elektron tullantılar üzrə rüsumun tətbiqi və tütün məmulatlarına vergilərin artırılması da daxildir.
Yeni vergi təşəbbüsü üzv dövlətlər arasında birmənalı qarşılanmayıb. Almaniya və İsveçin də daxil olduğu altı ölkə yeni vergilərin tətbiqinə şübhə ilə yanaşır. İsveçin Avropa işləri üzrə naziri Cessika Rozenkrants bildirib ki, əsas diqqət büdcə xərclərinin və üzv dövlətlərin maliyyə öhdəliklərinin azaldılmasına yönəldilməlidir.
Fransa isə Aİ-nin artan problemlərin öhdəsindən gəlmək üçün daha böyük maliyyə resurslarına ehtiyacı olduğunu müdafiə edir. Eyni zamanda, Cənubi, Mərkəzi və Şərqi Avropanın 17 ölkəsi kənd təsərrüfatı və regional inkişafın maliyyələşdirilməsinin artırılmasını dəstəkləyən “Birlik siyasətinin dostları” qrupunu yaradıb.
Təklif bu həftə Brüsseldə keçiriləcək Aİ liderlərinin görüşündə müzakirə olunacaq. Antoniu Koşta razılaşmanın dekabr ayında əldə edilməsində israr edir. O, danışıqların 2027-ci ilə qədər uzanmasının siyasi və seçki prosesləri fonunda razılaşmanı çətinləşdirə biləcəyindən ehtiyatlanır.
MONETAR.AZ