ABŞ Çin və onlarla ölkəyə qarşı gömrük rüsumlarını artırmağa hazırlaşır

ABŞ Çin və onlarla ölkəyə qarşı

ABŞ administrasiyası Çin, Avropa İttifaqı və digər ölkələrdən idxal olunan məhsullara daha yüksək gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Yeni tariflərin Çinlə yanaşı, Yaponiya, Cənubi Koreya və Avropa İttifaqının 27 üzv ölkəsini də əhatə edəcəyi gözlənilir. Rüsumların yekun dərəcələri hələ açıqlanmayıb.

Monetar.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyinin rəhbəri Ceymison Qrir Çin, Avropa İttifaqı və digər 14 ölkənin sənaye subsidiyalarına dair bir neçə aydır davam edən araşdırmanın nəticələrini bu həftə açıqlayacaq. Bununla belə, açıqlamanın vaxtı dəyişə bilər.

Yeni tariflərin sözügedən ölkələrdən ABŞ-yə ixrac olunan məhsulların böyük hissəsinə şamil ediləcəyi bildirilir. Lakin milli təhlükəsizlik əsasları ilə ayrıca rüsum tətbiq edilən polad, alüminium və avtomobil kimi bəzi sənaye məhsullarının yeni tədbirlərin əhatəsindən kənarda qalacağı ehtimal olunur.

Mənbələrin məlumatına əsasən, ABŞ administrasiyası Çinin sənaye subsidiyalarının miqyasını xüsusilə böyük hesab edir. Bu səbəbdən Çin məhsullarına digər ölkələrlə müqayisədə daha yüksək gömrük rüsumlarının tətbiqi gözlənilir.

ABŞ ilə ticarət sazişləri imzalamış Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya üçün ümumi tarif dərəcələrinin 15 faiz və ya daha aşağı səviyyədə olması ehtimal edilir. Vyetnam və Hindistan kimi ölkələrin isə Vaşinqtonla əldə etdikləri razılaşmalardan asılı olaraq daha yüksək rüsumlarla qarşılaşa biləcəyi bildirilir.

Müzakirə olunan tədbirlər arasında ölkələrin sənaye istehsalında artıq güclənmə baş verəcəyi və ya ABŞ ilə gələcək danışıqlarda siyasət dəyişikliklərinə getməyəcəkləri təqdirdə rüsumların artırılmasına imkan verən mexanizmin yaradılması da var.

Yeni tariflərin iyul ayında elan edilmiş başqa bir tədbir çərçivəsində tətbiq olunan rüsumlara əlavə ediləcəyi gözlənilir. Həmin tədbir məcburi əmək şəraitində istehsal olunan məhsulların ticarətinin qarşısını almaq üçün nəzərdə tutulub və 60 ölkədən idxala 10-12,5 faiz arasında rüsum müəyyən edib.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi 2026-cı ilin fevralında Donald Trampın ilk genişmiqyaslı tarif paketini ləğv edib. Yeni tədbirlərin isə həmin qərardan əvvəl müəyyən edilmiş tarif səviyyələrinə yaxın olacağı bildirilir.