Hər il noyabrın 25-də dünyada Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq Mübarizə Günü qeyd edilir. Bu günün əsas məqsədi qadınlara qarşı zorakılıq probleminə diqqət çəkmək, ictimai məlumatlılığı artırmaq və bu halların qarşısının alınmasına çağırış etməkdir.
Monetar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni rəsmi olaraq beynəlxalq gün elan edib. Qadın fəallar isə bu tarixi hələ 1981-ci ildən etibarən zorakılıqla mübarizə günü kimi qeyd edirlər.
Günün seçilməsi Dominikan Respublikasında baş vermiş faciəli hadisə ilə bağlıdır. Belə ki, 1960-cı il noyabrın 25-də diktator Rafael Truxilyonun əmri ilə siyasi fəal olan Mirabal bacıları - Minerva, Patria və Mariya Tereza qətlə yetiriliblər. Onların öldürülməsi qadın hüquqları uğrunda mübarizənin simvollarından birinə çevrilib.
Qadınlara qarşı zorakılıq bu gün də dünyanın müxtəlif ölkələrində ciddi problem olaraq qalır. Bu hallar sosial vəziyyətindən, maddi imkanlarından və mənsubiyyətindən asılı olmayaraq qadınlara təsir göstərir. Hətta inkişaf etmiş ölkələrdə də problemin tam aradan qaldırılması mümkün olmayıb.
Beynəlxalq günün əsas çağırışlarından biri qadınlara qarşı zorakılığın yalnız müəyyən tarixlərdə deyil, hər zaman diqqətdə saxlanılmasıdır. Bu istiqamətdə ictimai maarifləndirmənin gücləndirilməsi, hüquqların qorunması və zorakılıq hallarının qarşısının alınması mühüm əhəmiyyət daşıyır.