Noyabrın 25-də Azərbaycanda 23 bələdiyyəyə məxsus torpaq sahəsinin hərrac və müsabiqəsi keçiriləcək. Satışa çıxarılan torpaqlar arasında fərdi yaşayış evlərinin tikintisi və sahibkarlıq üçün nəzərdə tutulan sahələrlə yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlar da var. İcarəyə təklif olunan sahələrin illik haqqı 60 manatdan başlayır.
Monetar.az xəbər verir ki, torpaq müsabiqə və hərracları saat 15:00-da keçiriləcək. İştirak üçün ərizələr oktyabrın 26-dan noyabrın 23-dək qəbul olunur.
Hərraca çıxarılan torpaqlar Gəncə, Sabirabad, Şabran, Qusar, Xaçmaz, Füzuli, İmişli, Cəlilabad və Şəki rayonlarını əhatə edir.
Satışa çıxarılan torpaqlar arasında ən kiçik sahə Gəncə şəhərinin Kəpəz bələdiyyəsinə məxsus 52 kvadratmetrlik ərazidir. Sahibkarlıq məqsədilə nəzərdə tutulan bu sahənin ilkin qiyməti 4 700 manatdır.
Ən böyük torpaq sahəsi isə Şəkinin Cəyirli bələdiyyəsinə məxsusdur. Bolludərə kəndində yerləşən 16 hektar ərazi 15 il müddətinə heyvandarlıq məqsədilə icarəyə verilir. İllik icarə haqqı 1 600 manat müəyyən edilib.
Qusar rayonunun Urva bələdiyyəsinə məxsus Zindanmuruq kəndindəki 4 000 kvadratmetrlik torpaq sahəsi isə arıçılıq üçün 15 il müddətinə icarəyə təklif olunur. Bu ərazinin illik icarə haqqı cəmi 60 manatdır. Siyahıda ən aşağı illik icarə haqqı da məhz bu torpaq sahəsinə aiddir.
Bununla yanaşı, Quba şəhərində çoxmənzilli yaşayış binasının tikintisi üçün 5 000 kvadratmetr torpaq sahəsi 15 il müddətinə müsabiqəyə çıxarılıb. İllik icarə haqqı 3 000 manatdır.
Torpaq sahələrinin bir qismi fərdi yaşayış evlərinin tikintisi, sahibkarlıq və kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub. Ərazilərin bir hissəsi əkinçilik, digər hissəsi isə heyvandarlıq və arıçılıq məqsədilə təklif olunur.
Hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrində keçiriləcək.