Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2027-ci il üçün qlobal ölkə kredit reytinqləri üzrə proqnozunu neytral müəyyən edib. Agentlik dünya iqtisadiyyatında artımın sabit qalacağını, inflyasiya təzyiqlərinin isə qismən azalacağını gözləyir. Bununla yanaşı, yüksək dövlət borcu, geosiyasi gərginliklər və süni intellekt sektorunda mümkün bazar korreksiyası əsas risklər sırasında göstərilir.
Monetar.az xəbər verir ki, Agentliyin proqnozuna görə, 2027-ci ildə dünya iqtisadiyyatının təxminən 2,5% artacağı gözlənilir. Neft qiymətlərinin aşağı düşməsi isə 2026-cı ilin ikinci yarısında güclənən inflyasiya təzyiqlərini müəyyən qədər azalda bilər.
Fitch-in qiymətləndirməsinə əsasən, ABŞ ilə İran arasında hərbi gərginliyin və qarşıdurmaların müvəqqəti səngiyəcəyi ehtimalı da proqnozun əsas fərziyyələrindən biridir.
Agentlik süni intellekt sahəsindəki investisiyalarla bağlı risklərə xüsusi diqqət çəkib. Səhm bazarlarında və ya kapital xərclərində süni intellektlə əlaqəli kəskin korreksiya baş verə biləcəyi bildirilir.
Digər mühüm risk Fars körfəzi regionundan neft tədarükünün yenidən ciddi şəkildə pozulmasıdır. Belə bir vəziyyət neft qiymətlərinin yüksəlməsinə, inflyasiyanın sürətlənməsinə, həmçinin faiz dərəcələrinin və istiqraz gəlirliliyinin daha uzun müddət yüksək qalmasına səbəb ola bilər.
Fitch qeyd edib ki, dövlətlərin vaxtı çatan borclarını mövcud bazar faizləri ilə yenidən maliyyələşdirməsi borc portfelinin orta effektiv faiz dərəcəsini yüksəldəcək. Bu isə büdcə kəsirlərini artıra və dövlət borcunun ÜDM-ə nisbətini azaltmağı çətinləşdirə bilər.
Xüsusilə borc yükü yüksək və borclarının orta ödəmə müddəti qısa olan ölkələrin daha ciddi maliyyə çətinlikləri ilə üzləşə biləcəyi vurğulanıb.
Agentliyin açıqlamasına görə, 2027-ci ilə daxil olarkən 13 ölkənin kredit reytinqi üzrə proqnozu müsbət, 12 ölkəninki isə mənfidir. Cari il ərzində ölkələrin kredit reytinqləri üzrə xalis 12 yüksəliş qeydə alınıb. Bu artımların 7-si inkişaf etməkdə olan bazarlara aid olub.