Azərbaycan Mərkəzi Bankının balansında olan 69 adda avadanlıq noyabrın 25-də hərraca çıxarılacaq. Satışa serverlər, kompüter avadanlıqları, şəbəkə cihazları, kabellər, UPS-lər, rentgen skaneri və müxtəlif reklam konstruksiyaları çıxarılıb. Ən yüksək ilkin qiymət 105 min 458 manatla şəbəkə avadanlığına aiddir.
Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərraca çıxarılan əmlakların arasında HPE Aruba Networking CX 6300M 24-port SFP+ və 4-port SFP56 model switch xüsusi yer tutur. Dörd ədəd olan bu avadanlığın ilkin satış qiyməti 105 min 458,02 manat müəyyən edilib.
Bundan başqa, 7 ədəd HPE ProLiant ML350 Gen10 serveri 61 min 801,32 manata, 10 ədəd HPE Aruba Networking CX 6100 24G Class4 PoE switch isə 45 min 740 manata satışa təklif olunur.
Siyahıda 35 min manat ilkin qiymətlə bir ədəd Rapiscan 622 XR 140 rentgen skaneri də var. Altı ədəd optik kabelin 300 metrlik partiyası 26 min 479,20 manat, 100 ədəd Logitech Brio 300 Full HD veb-kamera isə 19 min 234 manat qiymətləndirilib.
Satışa çıxarılan digər əmlaklar arasında HP Victus Gaming noutbukları, Seagate sərt diskləri, QNAP şəbəkə yaddaş qurğusu, UPS avadanlıqları, klaviatura, siçan, enerji uzadıcıları, müxtəlif kabellər və reklam lövhələri yer alır.
Avadanlıqların ilkin satış qiymətləri fərqlidir. Məsələn, 40 ədəd CAT6 şəbəkə kabelinin 7 futluq partiyası 164,26 manat, bir ədəd bannerin ilkin qiyməti isə 20 manat müəyyən edilib.
Hərrac noyabrın 25-də saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanının ikinci mərtəbəsində keçiriləcək.
.