2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistanın işğalından azad edilərək Azərbaycana qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Monetar.az xəbər verir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində 511 nəfər dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və ya itkin düşmüşdü. İşğal dövründə rayonun yaşayış məntəqələri, tarixi abidələri və infrastrukturu ciddi dağıntılara məruz qalmışdı.
Kəlbəcərin azad edilməsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Bəyanata əsasən həyata keçirilib. Sənədə uyğun olaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi Azərbaycana qaytarılıb.
İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində Kəlbəcərin şimal hissəsi strateji yüksəkliklərlə birlikdə Azərbaycan Ordusunun nəzarətinə keçib. Rayonun digər əraziləri isə Ermənistanın kapitulyasiyasından sonra azad edilib.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu hadisə rayonun dövlət suverenliyinə qaytarılmasının rəmzi mərhələlərindən biri olub.
Kəlbəcər zəngin təbii sərvətləri, mineral su yataqları və turizm potensialı ilə seçilir. Xüsusilə Yuxarı və Aşağı İstisu mineral su mənbələri rayonun iqtisadi imkanları baxımından əhəmiyyət daşıyır. Ərazidə 30 min ildən artıq tarixə malik qədim yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər və çoxsaylı tarixi-mədəniyyət abidələri də mövcuddur.
Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Rayonun nəqliyyat, enerji və sosial infrastrukturu yenidən qurulur. Bu çərçivədə Toğanalı-Kəlbəcər avtomobil yolunun, Murovdağ tunelinin, elektrik yarımstansiyalarının və kiçik su elektrik stansiyalarının tikintisi həyata keçirilir.
Bununla yanaşı, Kəlbəcər şəhərində yaşayış məhəllələrinin, məktəbin, hərbi hospitalın və digər sosial obyektlərin inşası nəzərdə tutulur. İstisu ərazisində isə sanatoriya və müalicə mərkəzinin yaradılması istiqamətində işlər görülür.
Həyata keçirilən layihələr Kəlbəcərin iqtisadi potensialının bərpasına, turizmin inkişafına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına şərait yaratmağı hədəfləyir.